• Bakı 17° C

    2.69 m/s

Az pulla çox səyahət

CƏMİYYƏT

09 Aprel 2022 | 11:47 | Müəllif: Qalib İbrahimoğlu

Az pulla çox səyahət

Heç kim səyahətin maraqlı olduğuna şübhə etmir, lakin əksəriyyət bunun çox pul tələb etdiyinə əmindir. Bununla birlikdə, az pul tələb edən və ya heç tələb etməyən bir səyahət tərzi də var. Elədirsə, az pulla necə səyahət etmək olar?

“Azərbaycan Turizm Blogerləri Assosiasiyası”nın İdarə Heyətinin üzvü, səyahət blogeri Rəna Kərimova Bakıvaxtı.az-a bildirib ki, səyahət etmək üçün heç də külli miqdarda pula gərək yoxdur: “Az büdcə ilə də səyahət etmək mümkündür. Sadəcə düzgün səyahət planlaması etmək, endirimləri izləmək lazımdır. Həmçinin komfortlu səyahət əvəzinə, rahatlığın üçün müəyyən güzəştlər etməlisən ki, səyahətini ucuza başa gətirə biləsən. Məsələn, 5 ulduzlu otellərdə istirahət, birbaşa uçuşlar, getdiyin şəhərdə bahalı restoranlar, bu zaman təbii ki, xərcin çox çıxacaq. Əgər məqsəd bütün gün yeyib yatıb, passiv istirahət etmək deyilsə, yeni yerlər görüb, yeni şəhərlər kəşf etmək istəyirsənsə, aşağıbüdcəli evlərdə, hostellərdə qalmaq da sərf edir. Bu o demək deyil ki, hosteldirsə, çirkli olacaq. Əksinə Avropada elə hostellərdə qalmışam ki, təmizlikdə 4 ulduzlu otellərdən geri qalmırlar. Tək fərqi odur ki, bir otağı 4-6 və ya daha çox adamla bölüşməli olursan”.

R. Kərimova bildirib ki, həmçinin loukost hava yolu şirkətləri ilə uyğun qiymətlərə uçmaq olur: “Hazırda “Wizz Air” şirkəti ilə Abu-Dabiyə bəzi tarixlərə çox ucuz qiymətə biletlər var. Hətta 50 manata gediş-dönüş biletləri almaq olar. Hansı ki, bu məbləğə rayonlarımıza gedib gələ bilərik. Birbaşa deyil, Gürcüstan və Türkiyə üzərindən də sərfəli uçuş imkanları olur. Xüsusən də pandemiyadan öncə Kutaisi şəhərindən çox ucuz uçuşlar olurdu. Məsələn, Kutaisidən Polşaya cəmi 17 manata bilet almışdım və təsadüfən həmin gün Bakıda restoranlardan birində səhər yeməyimə 17 manat hesabım çıxmışdı. Təəssüf ki, hazırda quru sərhədlərimizin bağlı olması Gürcüstan üzərindən ucuz uçmağımıza mane olur. Xüsusən də loukost şirkətlər biletləri satışa buraxanda qiymətlər ucuz olur”.

Blogerin sözlərinə görə, mayın sonlarında “Lot” hava yolu şirkəti ilə Polşaya da birbaşa uçuşlar olacaq: “Hər ikisi loukost olduğuna görə biletlər ucuz olur və digər Avropa şəhərlərinə keçmək asan olur. Bu yaxınlarda Qazaxıstanın “FlyArystaan” hava yolu şirkəti Aktauya uçuşlara başladı ki, bir tərəfə cəmi 54 dollara. Həmçinin öz milli aşağıbüdcəli hava yolu şirkətimiz olan “Buta Airways”lə də ucuz uçmaq mümkündür. Bunun üçün daim saytı izləmək, biletlər satışa çıxarılan kimi və ya yeni reyslər artırılan kimi biletləri almaq lazımdır. Məsələn, mən yanvar ayında Bakıdan İstanbula olan biletimi cəmi 56 manata aldım. Uçuşum iyunda olacaq. Səyahəti bu şəkildə aylar öncədən planlayanda həm ucuz bilet almaq olur, həm də otellər, evlər, hostellər ucuz olur. Çünki bir səfərin əsas büdcəsini otel və bilet qiymətələri təşkil edir. Səfər zamanı isə gündə 2-3 dəfə bahalı restoranda yemək yesəniz, təbii ki, xərciniz çox çıxacaq. Ona görə marketlərdən hazır sendviçlər və digər qidalar almaq olar və ya qısamüddətli səfərlərdə özünüzlə nələrsə apara bilərsiniz”.

R.Kərimova sonda qeyd edib ki, düzgün planlama, aylar öncədən biletləri alanda, otelləri tutanda, səfər zamanı da qaydasında xərcləyəndə, bu zaman səyahəti ucuz başa gətirmək olur: “Ümumiyyətlə, bizdə insanlar düşünürlər ki, Türkiyədən başqa digər ölkələr həddən çox məbləğə başa gəlir. Odur ki, hər il təkrar-təkrar Türkiyə şəhərlərinə üz tuturlar. İnsanlar tanıyıram ki, 10 ildir Antalyaya gedir, hətta hər il eyni otelə gedir, bir nəfərə 2 min manat xərcləyir, Avropaya səyahətə gedənlərə deyir, kaş pulum olaydı, mən də Avropaya gedərdim. Hansı ki, düzgün planlama ilə məsələn 1 həftəlik İspaniya səyahətini 1000-1500 manata başa gətirmək olar”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026