"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) parkına 2032-ci ilə qədər yeni “Airbus” və “Boeing” təyyarələrinin tədarükü planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu AZAL-ın Strategiya və biznesin inkişafı idarəsinin rəhbəri Vasif Manaflı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Bu gün təyyarələrin orta yaşı 14 ildir ki, bu da müştəri məmnuniyyətinin azalmasına və istismar xərclərinin artmasına təsir göstərir. Parkın yenilənməsi çərçivəsində 2023-cü ildə üç “Airbus” təyyarəsi istismara verilib. Bundan başqa, bu istiqamətdə artıq ciddi addımlar atılıb. Ən böyük nailiyyətlərdən biri isə 2023-cü ildə “Airbus” və “Boeing” şirkətləri ilə 20-dən çox yeni təyyarənin alınması üçün müqavilələrin imzalanması olub. Bu təyyarələrin 2032-ci ilə qədər tədarükü planlaşdırılır", - o bildirib.