Milli Məclisin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanılması və ölkəyə buraxılmaması barədə hələ də Rusiyadan rəsmi izahat verilməyib.
Qeyd edək ki, Azər Badamovun da daxil olduğu nümayəndə heyəti Moskvaya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün səfər ediblər. Nümayəndə heyətinin digər üzvləri problemlə üzləşməyiblər.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qeyri-dost addım” kimi qiymətləndirib, Rusiya XİN-dən dərhal açıqlama tələb edib.
Maraqlı məqam odur ki, deputat cəmi 10 gün əvvəl Rusiya Federasiyasının Dağıstan bölgəsində səfərdə olub və o zaman heç bir məhdudiyyətlə üzləşməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Modern.az-a açıqlamasında Rusiyaya Azər Badamovla birlikdə səfər edən deputat Elman Nəsirov verib.
"Azər müəllim də (Moskva hava limanında - red.) söylədi ki, 10 gün öncə Dağıstanda səfərdə olub: "Necə oldu ki, Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm", - Elman Nəsirov deyib.
Qeyd edək ki, bu fakt Rusiya tərəfindən qoyulmuş qadağanın yeni və qəfil qərar olduğunu deməyə əsas verir.