• Bakı C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Azərbaycan artıq sülh şəraitində yaşayır və inkişaf yolundadır - ŞƏRH

SİYASƏT

06 Yanvar 2026 | 17:27

Azərbaycan artıq sülh şəraitində yaşayır və inkişaf yolundadır - ŞƏRH

Dövlət başçısının yerli televiziya kanallarına müsahibələri artıq ənənə halını alıb. Bu ənənəyə uyğun olaraq Prezident İlham Əliyev yanvarın 5-də növbəti müsahibəsini verdi. Ötən ili tarixi il kimi dəyərləndirən Prezident vurğuladı ki, 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi baxımdan son qoyuldu və artıq bir neçə aydır ki, ölkəmiz sülh şəraitində yaşayır. Sülh şəraitində yaşamaq Azərbaycan üçün yeni reallıqdır, çünki xalqımız müstəqillikdən öncə də, ondan sonra da müharibə şəraitində olub. Dövlət başçısı qeyd etdi ki, bu şəraitin bəhrəsi həm siyasi, həm iqtisadi sahələrdə artıq görünür, sabitlik və inam isə ölkəmizin inkişafına imkan yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın informasiya və diplomatik sahədəki uğurları, o cümlədən, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz 907-ci düzəlişin ləğvi xüsusi əhəmiyyət kəsb edir:

"Prezidentin 2025-ci ilin avqustunda ABŞ-a səfəri nəticəsində əldə olunan bu razılaşma Azərbaycanın haqq səsini beynəlxalq arenada çatdırmasının nəticəsidir".

Deputat həmçinin Azərbaycanın xarici siyasətindəki uğurlardan danışdı. Qeyd etdi ki, ölkəmiz D-8 təşkilatına üzv seçilib, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlük əldə edib və bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşlərində fəal iştirak edib:

"İqtisadi sahədə isə Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz müstəqildir, xarici borca bağlı deyil və iqtisadi artım əhalinin rifahını yüksəltməyə imkan verir. Azərbaycan qaz ixracını 14-dən 16 ölkəyə çatdırıb, ixrac həcmi 25 milyard kubmetrdən çoxdur".

Vüqar Rəhimzadə: Prezident qeyd edib ki, bu model gələcəkdə ölkənin digər bölgələrində də tətbiq oluna bilər

Vüqar Rəhimzadə həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə diqqət çəkib. Dövlət başçısı əsas məqsədin köçkünləri geri qaytarmaq olduğunu vurğulayıb; bu il əhalinin sayının bir neçə dəfə artırılması planlaşdırılır:

"Prezident qeyd edib ki, bu model gələcəkdə ölkənin digər bölgələrində də tətbiq oluna bilər. Bütün addımlar müasir, müstəqil və qalib Azərbaycanın inkişafına xidmət edir. Ölkəmiz sabit və təhlükəsizdir, kompleks inkişaf tədbirləri həyata keçirilir və şəffaflıq prioritetdir. Prezident İlham Əliyev vurğuladı ki, cəmiyyətin rifahı üçün hər kəs ürəklə çalışmalıdır, xüsusən son beş ildə əldə olunan tarixi Zəfər fonunda.Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq".

Sonda o deyib ki,  hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq. 

Rəşid Muxtar


SON XƏBƏRLƏR

07 Yanvar 2026