ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İranla bağlı son açıqlamaları Vaşinqtonun Tehrana münasibətdə ritorikanı xeyli sərtləşdirdiyini göstərir. İranın nüvə silahı əldə etməsi ehtimalı artıq təkcə texniki və ya diplomatik məsələ kimi deyil, Yaxın Şərqdə və qlobal miqyasda təhlükəsizlik balansını dəyişə biləcək əsas risk kimi təqdim olunur.
Diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ rəhbərliyi Rusiya və Çin kimi strateji rəqiblərlə birbaşa əlaqə saxlaya bildiyi halda, İranın faktiki rəhbərliyi ilə dialoqun mümkünsüzlüyünü xüsusi vurğulayır. Bu isə diplomatiyanın imkanları, məhdudiyyətləri və alternativ ssenarilərlə bağlı ciddi suallar yaradır.
Mövzu ətrafında yaranmış vəziyyəti Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu açıqlamalar ritorikanın açıq şəkildə sərtləşdiyini göstərir. ABŞ artıq İranı sadəcə problemli tərəfdaş kimi deyil, birbaşa təhlükəsizlik riski kimi təqdim edir. Vensin terror və nüvə silahını eyni kontekstdə çəkməsi təsadüfi deyil. Bu, İranın “rasional danışıqlar tərəfi” imicindən uzaqlaşdırılmasıdır. Belə dil daxili auditoriya üçün də mesaj daşıyır. Vaşinqton mümkün daha sərt addımlar üçün ictimai rəy hazırlayır.
Müsahibimiz qeyd edib ki, bu ssenari regionda domino effekti yarada bilər. Dediyinə görə, ilk növbədə Səudiyyə Ərəbistanı və digər regional güclər öz təhlükəsizliklərini yenidən nəzərdən keçirəcəklər:
“Nəticədə Yaxın Şərq çoxsaylı nüvə aktorlarının olduğu risk zonasına çevrilə bilər. Bu, qarşıdurmaların miqyasını genişləndirər. Hər hansı lokal böhran qlobal təhlükəyə çevrilə bilər. ABŞ məhz bu nəzarətsiz eskalasiyadan ehtiyat edir”.

Züriyə Qarayeva: ABŞ İranı sadəcə problemli tərəfdaş kimi deyil, birbaşa təhlükəsizlik riski kimi təqdim edir
Politoloqa görə, ABŞ-nin İranla birbaşa dialoq qura bilməməsində əsas
problem etimadsızlıqdır. Z.Qarayeva bildirib ki, ABŞ İranın faktiki qərarverici mexanizmini qeyri-şəffaf hesab edir:
“Kimlə danışılacağı və verilən vədlərin icra olunacağına dair suallar açıq qalır. Dialoq kanallarının olmaması diplomatiyanı çətinləşdirir. Bu, yanlış hesablamalar riskini artırır. Amma eyni zamanda Vaşinqton bunu təzyiq aləti kimi də istifadə edir”.
“Dialoqun olmaması ABŞ-nin öz təhlükəsizlik maraqlarına zidd deyilmi” sualını cavablandıran Züriyə Qarayeva qeyd edib ki,uzunmüddətli baxışda bu, müəyyən ziddiyyət yaradır:
“Çünki kommunikasiya olmayan yerdə böhranlar daha sürətlə nəzarətdən çıxır. Diplomatiya təhlükəni tam aradan qaldırmasa da, onu idarə edilə bilən edir. İranla əlaqənin olmaması isə sərt ssenariləri ön plana çıxarır. ABŞ bunu riskli, amma məcburi seçim kimi görür. Alternativ isə daha qeyri-sabit bir regional mühitdir”.
Zülfü Məmmədov
Bakı 




