Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bütün marşrutu boyunca vahid uzunmüddətli tarif müəyyən etmək barədə razılaşıblar.
Bu barədə Bakıvaxtı.az "Qazaxıstan Dəmir Yolu" SC-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Bu qərar "Qazaxıstan Dəmir Yolu", "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolu" SC tərəfindən Almatıda VII Beynəlxalq nəqliyyat-logistika biznes forumu "New Silk Way" çərçivəsində imzalanan "Orta Dəhlizdə "darboğazlar"ın aradan qaldırılması üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.
"Planın məqsədi Çin, Mərkəzi Asiya və Avropa arasında əsas Avrasiya dəhlizinə çevrilən TBNM marşrutu üzrə daşımaların səmərəliliyini artırmaqdır. Beləliklə, üç dəmir yolu administrasiyası arasında logistik proseslərin inteqrasiyasına və marşrut infrastrukturunun inkişafına yönəlmiş sənəd imzalanıb", - məlumatda qeyd olunub.
Planın əsas istiqamətlərinə - Orta Dəhliz marşrutu boyunca vahid uzunmüddətli tarifin müəyyən edilməsi, marşrut üzrə ötürücülük qabiliyyətinin artırılması daxildir.
"Tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun inkişafı, "darboğazlar"ın aradan qaldırılması və prosedurların rəqəmsallaşdırılması üzrə fəaliyyətləri birgə əlaqələndirməyə razılaşıblar", - məlumatda bildirilib.
"Qazaxıstan Dəmir Yolu"ndan qeyd edilib ki, imzalanan sənəd Orta Dəhlizin davamlı, rəqabətqabiliyyətli və strateji baxımdan əhəmiyyətli marşrut kimi inkişafında yeni mərhələnin başlanğıcıdır.