Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı və strateji tərəfdaşlıqların qurulması həmişə prioritet məsələlərdən biri olub. Bu siyasət çərçivəsində, xüsusilə Yaxın Şərq və ərəb ölkələri ilə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şəaraanın Azərbaycana etdiyi səfər, ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Bu barədə Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə səfərin əhəmiyyətini vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan-Suriya münasibətlərində yeni bir səhifə açılır. Suriyada hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük perspektivlər yaranıb. Bu səfər, Azərbaycanla Suriya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm addım olmuşdur.
Parlament üzvü həmçinin qeyd edib ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şəaraanın ölkəmizə etdiyi ilk səfər, təkcə iki ölkə arasında diplomatik əlaqələrin inkişafı baxımından deyil, həm də regionda sülhün və stabilliyin təmin olunması üçün əhəmiyyətlidir:
“Bu səfər, eyni zamanda, Azərbaycan-Suriya münasibətlərində yeni bir dövrün başlanğıcıdır. Əhməd Əl-Şəaraa, Suriya ilə Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək, xüsusilə də enerji, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlıq yaratmaq niyyətində olduqlarını açıqladı. Bu, bizim üçün çox mühüm bir addımdır”.
Millət vəkili vurğulayıb ki, Suriya daxilindəki sabitsizlik və əvvəlki hökumətin avtoritar xarici siyasəti, Azərbaycan-Suriya münasibətlərinin inkişafına mənfi təsir göstərmişdir. Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanın enerji sahəsindəki uğurları və əldə etdiyi müvəffəqiyyətlər, bu əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaradır:
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qaz sektorundakı inkişafı, dünya bazarında rəqabət qabiliyyətini artırıb. Bu, təkcə Avropa bazarlarına deyil, həm də Yaxın Şərq ölkələrinə qaz ixracı etmək imkanlarını genişləndirir. Suriya ilə bu əməkdaşlıq daha da inkişaf edəcək”.
Deputat Suriya Prezidentinin səfəri zamanı SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanmasını da xüsusi qeyd edib:
“Bu Anlaşma Memorandumu Azərbaycanın Suriya ilə enerji sahəsindəki əməkdaşlığını gücləndirəcək. Azərbaycanın istehsal etdiyi təbii qazın Suriyaya ixracı ilə bağlı müzakirələr davam edir. Bu, yalnız Suriyanın enerji ehtiyaclarını ödəmək deyil, həm də Azərbaycan üçün yeni bazarlara çıxış imkanı deməkdir”.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsi və müsbət imicinin formalaşması, ölkənin Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub:
“Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə strateji tərəfdaşlıq qurmağa davam edir. Prezident İlham Əliyevin uğurlu diplomatik siyasəti nəticəsində Azərbaycan yalnız Avropa və Mərkəzi Asiya regionlarında deyil, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi tanınır”.
“Prezidentlərin görüşündə Suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası kimi məsələlər müzakirə olundu. Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa-quruculuq işləri də bu görüşdə xüsusi diqqət mərkəzində oldu. Azərbaycan, müharibədən sonra öz daxili imkanları ilə belə genişmiqyaslı bərpa işlərinə başlamış, dünya tarixində bu sahədə bir yeniliyə imza atmışdır”, – deyə Vüqar Rəhimzadə bildirib.
Millət vəkili sonda vurğulayıb ki, Azərbaycan-Suriya əməkdaşlığının inkişafı, yalnız iki ölkə arasında deyil, həm də Yaxın Şərqdə və dünya miqyasında sülh və sabitliyə töhfə verəcək:
“Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha da gücləndirəcək və Suriya ilə olan əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək”.
Əli Hüseynov