• Bakı 27° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Azərbaycan–Ermənistan sülh sazişi: Regionun yeni geosiyasi reallığı

SİYASƏT

12 Avqust 2025 | 15:39

Azərbaycan–Ermənistan sülh sazişi: Regionun yeni geosiyasi reallığı

Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin 17 maddəlik mətni açıqlandıqdan sonra regionun gələcək siyasi və hüquqi mənzərəsi ilə bağlı müzakirələr intensivləşib.

Sənəd, həm iki ölkə münasibətlərinin normallaşması, həm də Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki,  ən əsas məqam tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını rəsmən tanımasıdır. Bu, Qarabağ məsələsinin hüquqi müstəvidə bitməsi və gələcəkdə hər hansı ərazi iddiasının mümkünsüzlüyü deməkdir.

Politoloq qeyd edib ki, gücdən istifadə və daxili işlərə qarışmamaq prinsipləri BMT Nizamnaməsinin əsas sütunlarıdır. Sazişdə təsbit edilməsi vacibdir, amma icrası tərəflərin siyasi iradəsindən asılı olacaq. Siyasi böhran anlarında belə müddəaların pozulmaması əsas hədəf olmalıdır.

Diplomatik münasibətlərin bərpasının hansı nəticələr doğura biləcəyinə gəlincə. Z.Qarayeva bildirib ki, bu addım təkcə səfirliklərin açılması demək deyil. Siyasi dialoqun institusional əsasda bərpası, iqtisadi və humanitar əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir.

Müsahibimiz deyib ki, saziş sərhədin delimitasiya və demarkasiyasını şərtləndirir. Bu müddətdə sərhədboyu təhlükəsizlik tədbirlərinin qarşılıqlı razılaşma ilə həyata keçirilməsi və üçüncü dövlət hərbi qüvvələrinin yerləşdirilməməsi çox önəmlidir.

“Bu maddə revanşist qrupların fəaliyyətinə hüquqi maneə yaradır. Hər iki ölkə bu kimi fəaliyyətləri nəinki qadağan etməli, həm də qarşı tərəfə qarşı yönəlmiş hallarda birgə mübarizə aparmalıdır”, - deyə o əlavə edib.

Züriyə Qarayeva:  Bu sənəd Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının əsasını qoya bilər

Politoloq bildirib ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, qalıqların qaytarılması və müharibə cinayətlərinin araşdırılması həm humanitar, həm də ədalət müstəvisində böyük əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, saziş tərəflərə iqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə ayrıca sazişlər imzalamaq imkanı verir. Bu, regiondakı qarşılıqlı asılılığı artıraraq sabitliyə töhfə verə bilər.

“Beynəlxalq hüququn üstünlüyü barədə maddə nə mesaj verir” sualını cavablandıran Qarayeva deyib ki, tərəflərin daxili qanunvericilikləri sazişin icrasına mane ola bilməyəcək. Bu, xüsusilə Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı iddiaların aradan qaldırılması zərurətini gündəmə gətirir.

Həmsöhbətimiz icra mexanizmləri barədə də danışıb. Dediyinə görə, birgə komissiyanın yaradılması və mübahisələrin ilkin mərhələdə məsləhətləşmələr yolu ilə həlli sənədin işləkliyini təmin etmək üçün vacibdir.

“Əgər icrası təmin olunarsa, bu sənəd Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının əsasını qoya bilər. Lakin hər şey tərəflərin öhdəliklərinə sadiqliyindən asılıdır”, - deyə Züriyə Qarayeva bildirib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR