Son dövrlərdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Xüsusilə Vaşinqtonda baş tutan görüş regional sabitlik və əməkdaşlıq üçün yeni ümidlər yaradır.
ABŞ-nin vasitəçiliyi ilə keçirilən bu görüş, yalnız iki qonşu ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması baxımından strateji əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az politoloq Amid Əliyevlə Vaşinqton görüşünün nəticələri, imzalanmış Birgə Bəyannamənin siyasi və hüquqi aspektləri, həmçinin regionda qarşıda duran çağırışlar barədə fikir mübadiləsi aparıb. Politoloq görüşün Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməsinin səbəblərini, ABŞ-ın vasitəçilik missiyasının bölgəyə təsirini və Ermənistan tərəfindən gözlənilən addımları ətraflı şərh edib.
Onun sözlərinə görə, Vaşinqton görüşü sülh gündəliyinin inkişafı üçün olduqca vacib platformadır. ABŞ-nin vasitəçiliyi ilə keçirilən bu görüş şəxsi maraqlardan daha çox regional əməkdaşlıq və dayanıqlı sülhə yönəlmiş addımların atılmasına xidmət edir. Görüşdə əldə olunan razılıqlar və imzalanan sənədlər bunu açıq göstərir.
Müsahibimiz Azərbaycan üçün bu görüşün siyasi əhəmiyyətindən də danışıb. Dediyinə görə, dövlətimizin başçısə İlham Əliyevin təşəbbüsü ilə formalaşan sülh gündəliyi çərçivəsində görüşün ABŞ kimi nüfuzlu ölkədə keçirilməsi Azərbaycan üçün ciddi siyasi dividendlər qazandırdı. İmzalanan Birgə Bəyannamə 2020-ci ilin 10 noyabr bəyanatından daha yüksək hüquqi və siyasi gücə malikdir və əsasən bölgənin inkişafına xidmət edir.
Amid Əliyev: Xarici təzyiqlər fonunda Ermənistan prosesdən yayınsa, rəsmi İrəvan ciddi çətinliklərlə üzləşəcək
Politoloq qeyd edib ki, ABŞ-nin vasitəçiliyi regiona təsir dairəsini genişləndirmək və həmçinin, bəzi regional güclərin təzyiqlərinə qarşı siyasi preventiv tədbir kimi qiymətləndirilə bilər. Bu, həm də diplomatik prosesin daha qərəzsiz və konstruktiv aparılmasına imkan yaradır.
“Azərbaycan və Ermənistan arasında birbaşa görüşlər azalmışdı, bəs bu görüş nəyi dəyişdi” sualını cavablandıran A.Əliyev bildirib ki, əvvəllər tərəflər daha çox vasitəçi olmadan görüşür, bu da nəticələrin müsbət alınmasına təsir edirdi:
“Lakin bu dəfə ABŞ vasitəçiliyi ilə görüşün keçirilməsi qarşılıqlı etimadın olduğunu və diplomatik atmosferin ədalətli olduğunu göstərir”.
Həmsöhbətimiz deyib ki, Birgə Bəyannamənin 2-ci bəndinə əsasən, hər iki ölkə XİN-ləri ATƏT-in sədrinə Minsk qrupunun ləğvi barədə müraciət edəcək. Bu, Azərbaycanın sülh müqaviləsinin şərtlərindən biridir və artıq real icra mərhələsinə qədəm qoyub. Bundan əlavə, Ermənistan qanunvericilikdən Azərbaycana qarşı ərazi iddialarını çıxarmağa hazırlaşır.
Ermənistanın konstitusiya dəyişiklikləri ilə bağlı vəziyyətə gəlincə, A.Əliyevin sözlərinə görə, Ermənistan rəsmiləri dəyişikliklərin 2026-cı ildə mümkün ola biləcəyini bildiriblər:
“Lakin qeyd etmək lazımdır ki, sülh sazişinin Vaşinqtonda paraflanması və imzalanması gecikdirilməməlidir. Ermənistan rəhbərliyi bunun məsuliyyətini dərk etməlidir”.
Politoloq qeyd edib ki, qarşıdakı 10 ay ərzində Ermənistanda və regionda daxili siyasi çəkişmələr və xarici təzyiqlər prosesi ləngidə və ya çətinləşdirə bilər. Buna görə də Ermənistan üzərinə düşən vəzifələri mümkün qədər tez həll etməlidir.
“Prezident Əliyev bildirib ki, zaman Ermənistanın əleyhinə işləyir. Xarici təzyiqlər fonunda Ermənistan prosesdən yayınsa, ABŞ və onun dövlət başçısına qarşı hörmətsizlik etmiş olacaq və rəsmi İrəvan ciddi çətinliklərlə üzləşəcək. Ona görə də Ermənistan alternativ yollarla konstitusiya dəyişikliklərini sürətləndirməlidir”, - deyə Amid Əliyev qeyd edib.
Əli Hüseynov