Laçın şəhəri günü ərəfəsində Azərbaycan Ordusunun Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrindən birinə media-tur keçirilib.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, media-tur Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədi daşıyıb.
Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraiti, hərbi qulluqçuların fəaliyyətini izləyib, xidmət şəraiti ilə yaxından tanış olublar.
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət hərbi hissədə yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olub.
Vətən müdafiəçilərinin hər biri rəşadətli Azərbaycan Ordusunda xidmət etmələrindən, diqqət və qayğı ilə əhatə olunmalarından, qarşıya qoyulan istənilən döyüş tapşırıqlarının öhdəsindən uğurla gəlmələrindən danışıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad olunan ərazilərdə xidmətdən qürur duyduqlarını vurğulayıblar.
Sonda media nümayəndələri əsgərlərlə birgə nahar ediblər.