Cənubi Qafqazda uzun illər davam edən münaqişə mərhələsinin başa çatdırılması istiqamətində mühüm addım atıldı. Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin layihəsi regionun gələcək təhlükəsizlik arxitekturasını formalaşdıracaq əsas sənədlərdən biri kimi dəyərləndirilir. Sənədin mətni bir neçə strateji istiqaməti əhatə edir.
1. Sərhədlərin hüquqi tanınması və delimitasiya prosesi
Sazişdə tərəflər keçmiş SSRİ respublikaları arasındakı inzibati xəttin dövlət sərhədi kimi tanındığını təsdiqləyir. Bu, hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə rəsmən tanınması deməkdir. Lakin sərhədin tam hüquqi təsbiti delimitasiya və demarkasiya prosesi nəticəsində başa çatacaq. Bu mərhələdə anklavların qaytarılması və bəzi ərazilərdə nəzarətin bərpası gündəmə gələ bilər.
2. Ərazi iddialarına son qoyulması və təhlükəsizlik öhdəlikləri
Sənəd tərəflərin bir-birinə qarşı mövcud və gələcək ərazi iddialarını rədd etdiyini təsdiqləyir. Bununla yanaşı, separatizm və terrorizmə qarşı mübarizə bəndi, hər iki ölkədə revanşist hərəkatların hüquqi müstəvidə qarşısının alınmasına zəmin yaradır. Bu, Qarabağ məsələsinin hüquqi baxımdan bağlanmasını və gələcəkdə oxşar iddiaların qarşısının alınmasını təmin edir.
3. Diplomatik münasibətlərin bərpası və əməkdaşlıq mexanizmləri
Saziş imzalandıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulacaq, səfirliklər açılacaq. Bu, iqtisadi, humanitar və regional əməkdaşlığın bərpası üçün yeni imkanlar yaradır.
4. Üçüncü tərəf qüvvələrinin çıxarılması
Sənədin mühüm bəndlərindən biri sərhəd boyu üçüncü dövlətlərə məxsus hərbi qüvvələrin yerləşdirilməməsidir. Bu, Avropa İttifaqının müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədindən çıxarılması zərurətini ortaya qoyur və təhlükəsizlik tədbirlərinin yalnız qarşılıqlı razılıq əsasında həyata keçirilməsini şərtləndirir.
5. Humanitar məsələlərin həlli və ədalətin bərpası
Birinci Qarabağ müharibəsində itkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi barədə razılıq əldə olunub. Bu istiqamətdə aparılacaq istintaq və araşdırmalar müharibə cinayətlərinə hüquqi qiymət verilməsinə imkan açacaq.
6. Hüquqi üstünlük və daxili qanunvericiliyin uyğunlaşdırılması
Tərəflər daxili qanunvericiliklərini sazişin icrasına maneə kimi istifadə edə bilməyəcək. Bu, xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurətini gündəmə gətirir.
Yayımlanan mətn, mahiyyət etibarilə, Azərbaycanın strateji maraqlarına uyğun çərçivə yaradır. Əgər sənəd imzalanaraq icra olunarsa, regionda davamlı sülhün təmin edilməsi üçün tarixi imkan formalaşacaq. Lakin real nəticələr, qarşı tərəfin öhdəliklərinə əməl etmək iradəsi və praktiki addımlarının sürəti ilə ölçüləcək.
Züriyə Qarayeva