Yaylıan məlumatlara görə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin avqustun 15-də ABŞ-nin Alyaska ştatında Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəklər. Bu, iki lider arasında 2021-ci ildən bəri ilk danışıqlar olacaq.
Bu görüşün gözləntiləri doğruldacağı mümkündürmü?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, Rusiya və ABŞ liderlərinin görüşünün razılaşdırılması o deməkdir ki, iki ölkə arasında xüsusilə Ukrayna məsələsi ilə bağlı müəyyən razılaşmalar var:
"Ukraynada atəşkəsin əldə olunması ilə bağlı Birləşmiş Ştatlar Rusiya və Ukrayna, eyni zamanda Britaniya və Avropa İttifaqını təmsil edən rəsmilər tərəfindən verilən açıqlamalara nəzər salsaq, o zaman müzakirələrin Ukraynanın ərazi güzəştlərinə getməsi fonunda aparıldığını deyə bilərik. Zelenski açıqlamasında bildirib ki, Ukraynanın ərazi güzəştlərinə getməsi Rusiyanin yeni işğala sövq edə bilər. Eyni zamanda Birləşmiş Ştatlar lideri də bildirmişdi ki, Ukrayna müəyyən güzəştlərə getməlidir”.
Müsahibimiz bildirib ki, Avropa İttifaqı tərəfindən Ukraynaya ciddi dəstəyin veriləcəyi ilə bağlı açıqlamalar var. Yəni Avropa İttifaqı Ukraynanın mübarizəni davam etdirməsinə çalışır:
“Rusiya tərəfi isə Birləşmiş Ştatlarla Moskva arasında münasibətlərin inkişafi ilə bağlı müsbət tendesiyanın olduğunu bildirir. Ümumilikdə bu açıqlamalar danışıqların Ukraynanın ərazi güzəştlərinə getməsi üzərindən aparıldığı ilə bağlı real mənzərəni ortaya qoyur. Bu məsələdə xüsusilə ABŞ-də daxili ictimai rəylər önəmli faktorlardur. Bu baxımdan hesab edirəm ki, Ukraynanın ərazi güzəştləri ABŞ-də və beynəlxalq ictimai rəydə Ukraynanın ərazi mübadiləsi kimi təqdim edilir".
Ə.Zülfüqaroğlunun fikrincə, sözügedən gedişat heç də Ukrayna müharibəsinin başa çatması mənasına gəlmir. Çünki atəşkəs əldə olunsa belə, münaqişəli vəziyyət davam edəcək.
"Təbii ki, Tramp üçün Ukraynada müəyyən razılaşmaların əldə olunması vacibdir. Ukraynanın maraqları ABŞ üçün əhəmiyyət kəsb etmir. Çünki Birləşmiş Ştatlar faydalı qazıntılarla bağlı saziş imzalayandan sonra Ukrayna məsələsində öz maraqlarını təmin edib”.
Əli Zülfüqaroğlu: Tramp Putin-Zelenski görüşünü reallaşdırmağa çalışır
Müsahibimiz vurğulayıb ki, artıq ABŞ üçün prioritet atəşkəsin əldə olunmasıdır. ABŞ ilə Rusiya arasında münasibətlərin inkişafı üçün Ukrayna məsələsində razılığın əldə olunması vacibdir:
“Amma Avropa İttifaqı və Britaniya birmənalı olaraq, Ukraynanın ərazi güzəştlərinə gedilməsi ilə bağlı razılığın əldə olunmasında maraqlı deyil. Ukraynaya maliyyə və hərbi dəstəyin davam etdiriləcəyi ilə bağlı açıqlamanın kökündə də bu dayanır. Bu isə o deməkdir ki, Zelenskinin qeyd-şərtsiz atəşkəs tələbi qüvvədə qalacaq. Bu isə atəşkəslə bağlı vəziyyətin mürəkkəb olaraq qalacağını deməyə əsas verir. Hesab edirəm ki, Tramp Rusiyanın işğal etdiyi müəyyən ərazilərin geri qaytarılmasına razılıq alaraq, Putin-Zelenski görüşünü reallaşdırmağa çalışır".
Siyasi şərhçiyə görə, görüş məkanı kimi Alyaskanın seçilməsi təsadüfi deyil:
"Alyaska 19-cu əsrdə Rusiya tərəfindən Birləşmiş Ştatlara satılmış bir bölgədir. Görüşün məhz bu bölgədə keçirilməsi Amerika ictimaiyyətinin Rusiyaya qarşı arqressiyasının yumşaldılmasına hesablana bilər. İstənilən halda iki ölkə liderinin görüşü ən azı ABŞ-Rusiya arasındakı münasibətlər baxımından önəm daşıyır".
Gülşən Şərif