• Bakı 22° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Cənubi Qafqazda dəyişən oyun qaydaları: Mübahisələrin sonu nə olacaq?

SİYASƏT

11 Sentyabr 2025 | 10:03

Cənubi Qafqazda dəyişən oyun qaydaları: Mübahisələrin sonu nə olacaq?

Cənubi Qafqazda geosiyasi proseslər sürətlə dəyişir və regionda yeni reallıqlar formalaşır. Bu reallıqların mərkəzində isə uzun illərdir müzakirə edilən Zəngəzur dəhlizi məsələsi dayanır. Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar, xüsusilə də ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən görüşdən sonra əldə olunan razılaşmalar sülh sənədinin paraflanması, kommunikasiya xətlərinin açılması və maneəsiz hərəkət prinsipinin təmin olunması ilə bağlı yeni perspektivlər açdı.

Maraqlıdır ki, bu razılaşmalar hər iki tərəfin əsas tələblərinin müəyyən qədər nəzərə alınması ilə hazırlanıb: Ermənistan ərazi bütövlüyünün toxunulmazlığını qoruyur, Azərbaycan isə illərdir gündəmdə saxladığı maneəsiz hərəkət prinsipini əldə edir. Lakin bu prosesdə ən çox diqqət çəkən mövzulardan biri İranın mövqeyidir. Tehran rəsmi olaraq “Zəngəzur dəhlizi” anlayışını qəbul etməsə də, ölkə daxilində bu məsələyə yanaşmada parçalanma müşahidə olunur: bir tərəfdən prezident Məsud Pezeşyan və islahatçılar daha konstruktiv mövqe sərgiləyir, digər tərəfdən isə ali rəhbərlik və Sepah kimi güc strukturları sərt mövqelərini qoruyurlar.

Belə bir şəraitdə Zəngəzur məsələsinin icra mərhələsi regionun gələcək siyasi və iqtisadi mənzərəsini müəyyənləşdirəcək əsas amillərdən birinə çevrilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, İranın “Zəngəzur dəhlizi” anlayışını rədd etməsi yeni hadisə deyil. Prinsipcə, artıq bu məsələdə yeni reallıqlardan danışmaq lazımdır:

"Vaşinqton görüşündə Donald Trampın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında bir sıra razılıqlar əldə olundu. Bunların ən önəmlisi sülh sənədinin paraflanması idi. Eyni zamanda kommunikasiya xətlərinin açılması və Azərbaycanın tələb etdiyi kimi, “maneəsiz hərəkət prinsipi”nin təmin edilməsi məsələsinin də razılaşdırıldığı qeyd edildi".

Turan Rzayev: Faktiki olaraq, burada İranı narahat edəcək ciddi məsələ olmamalıdır

Onun sözlərinə görə, aydın məsələdir ki, bu, nə tam Azərbaycanın dediyi kimi, nə də Ermənistanın iddia etdiyi kimi oldu. Yəni prinsipcə maneəsiz hərəkət təmin edilir, amma bu bir qədər dolayı mexanizmlə reallaşdırılıb. Belə ki, Ermənistan həmin ərazini 99 illik müddətə ABŞ-yə icarəyə verir. Daha sonra bu ərazi üzərindən maneəsiz hərəkəti ABŞ-nin təyin etdiyi özəl şirkət təmin edəcək:

"Beləliklə, Ermənistanın dediyi kimi ərazi bütövlüyü pozulmur, eyni zamanda Azərbaycanın istədiyi kimi maneəsiz hərəkət prinsipi də reallaşır. Faktiki olaraq, burada İranı narahat edəcək ciddi məsələ olmamalıdır. Əgər narahatlıq yaranırsa, bu, Azərbaycanın yox, Ermənistanla İranın həll etməli olduğu məsələdir. Çünki Azərbaycan tələb edən tərəfdir, Ermənistan isə ərazini icarəyə verən tərəfdir və icarəyə verilən ərazi Azərbaycana deyil, ABŞ-yə məxsus şirkətə təhkim olunub".

Turan Rzayev qeyd edib ki, İranın mövqeyinə gəlincə, tam aydın demək çətindir. Çünki prezident Məsud Pezeşkiian və islahatçı qanad məsələyə daha loyal yanaşır, düşünürlər ki, bu, İranın maraqlarına zidd deyil və bölgənin xəritəsinin dəyişməsindən söhbət belə gedə bilməz. Hətta Pezeşkian konkret açıqlamasında qeyd edib ki, bu məsələ İran üçün problem yaratmayacaq:

"Amma digər tərəfdən, ali rəhbərlik, Sepah və güc mərkəzləri daha sərt mövqedədir və narahatlıqlar əsasən onların bəyanatlarında əksini tapır. Ümumilikdə isə proses Azərbaycanın istəklərinin daha yenilənmiş formada həllini tapmasıdır. İndi əsas məsələ razılaşdırılanların necə icra olunacağını gözləməkdir. Çünki yalnız icra mərhələsində bu razılaşmaların Azərbaycanın maraqlarına nə dərəcədə uyğun, yaxud İranın maraqlarına zidd olub-olmadığı daha aydın görünəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR

10 Sentyabr 2025