İranın Zəngəzur dəhlizi anlayışını rədd etməsi və sərt ritorika nümayiş etdirməsi Azərbaycan–Ermənistan sülh prosesi və regionun siyasi balansı baxımından diqqətəlayiq məsələdir.
Regionda hər bir dövlətin mövqeyi həm diplomatik, həm də iqtisadi sahədə müəyyən təsir yaradır. Zəngəzur dəhlizi layihəsi yalnız Azərbaycanın və Ermənistanın maraqlarını əhatə etməyib, həm də ABŞ və digər beynəlxalq aktorların diqqət mərkəzindədir. Bu baxımdan İranın sərt mövqeyi, rəsmi Bakı və Yerevan arasında irəliləyişin tempinə təsir göstərə, sülh prosesində müəyyən gərginliklər yarada bilər.
Eyni zamanda, region dövlətləri arasında mövcud geosiyasi balansın pozulması riski də mövcuddur. İranın ritorikası diplomatik arenada bəzi maneələr yaratsa da, hüquqi və texniki baxımdan dəhlizin açılması prosesi əsas iştirakçılar arasında davam edən razılaşmalarla tənzimlənir. Buna baxmayaraq, Tehran mövqeyini qoruyaraq, həm regional güc tarazlığında, həm də enerji və nəqliyyat infrastrukturuna dair strateji maraqlarda təsir imkanlarını saxlayır.
İranın Zəngəzur dəhlizi anlayışını rədd etməsi və sərt ritorikanı davam etdirməsi gələcəkdə Azərbaycan–Ermənistan sülh prosesinə və regionun siyasi balansına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlər Vaşinqton görüşündə Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış sənədlərlə tənzimlənir:
"İran bu anlaşmaların iştirakçısı olmadığından, hüquqi baxımdan prosesə müdaxilə etmək imkanı yoxdur. Dəhlizlə bağlı bütün hüquqi, maliyyə və texniki tənzimləmələr Azərbaycan, Ermənistan və ABŞ arasında həll olunacaq".
Elçin Xalidbəyli: Zəngəzur dəhlizinin açılması qaçılmaz olacaq
Onun sözlərinə görə, İranın dəhlizi qəbul edib-etməməsi hazırda region dövlətlərini və dəhlizin iştirakçılarını narahat etməməlidir. Sadəcə, İran prosesin əngəllənməsi üçün radikal açıqlamalar verir. Halbuki dəhliz İrana ciddi problem yaratmır, əksinə fayda da gətirə bilər. İran sadəcə ənənəvi mövqeyinə sadiq qaldığını nümayiş etdirir və bundan daha çox təsir imkanları yoxdur.
Politoloq əlavə edib ki, layihənin əsas iştirakçılarından biri olan ABŞ-ın maraqları nəzərə alındıqda, İranın prosesə kobud müdaxilə etməsi inandırıcı deyil:
"Dəhlizin açılması mərhələsində yalnız müəyyən müqavimət açıqlamaları verilə bilər, lakin dəhliz işə düşdükdən sonra heç kəs bu məsələyə müdaxilə etməyə cəhd etməyəcək. Nəticədə Zəngəzur dəhlizinin açılması qaçılmaz olacaq".
Əli Hüseynov