• Bakı 27° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Vaşinqton sazişindən sonra İranın mövqeyi

SİYASƏT

12 Avqust 2025 | 14:54

Vaşinqton sazişindən sonra İranın mövqeyi

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanan yeddi bəndlik sülh sazişi təkcə iki ölkə arasındakı münaqişəni bitirmək niyyəti daşımır, həm də Cənubi Qafqazın tranzit xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir.

Sənəddə yer alan “Tramp marşrutu” layihəsi, prinsipcə, bölgədə yeni nəqliyyat əlaqələrinin açılması deməkdir. Bu isə qaçılmaz olaraq qonşu dövlətlərin strateji maraqlarına toxunur.

İranın xarici işlər naziri Abbas Əraqçının verdiyi mesaj, Tehran üçün əsas narahatlıq mənbəyini açıq göstərir: mövcud tranzit marşrutlarının məhdudlaşdırılması riski. İran uzun illər ərzində Ermənistan üzərindən Gürcüstana və oradan Qara dəniz limanlarına çıxış əldə edib. Bu marşrutun zəifləməsi, həm İranın Qafqazdakı təsir imkanlarını, həm də Avropa ilə alternativ ticarət yollarını məhdudlaşdıra bilər.

İranın mövqeyi üç əsas amilə söykənir:

1. Geoiqtisadi təhlükəsizlik – “Dəhliz” layihəsi Tehranın özünü regional nəqliyyat mərkəzi kimi təqdim etmək imkanlarını zəiflədə bilər.

2. Geosiyasi balans - İran, bölgədə ABŞ-ın vasitəçiliyi ilə formalaşacaq yeni infrastrukturun Moskva və Tehranın təsirini zəiflətməsindən narahatdır.

3. Ermənistanla strateji tərəfdaşlıq – Tehran üçün İrəvanla açıq və alternativsiz quru bağlantısı həm siyasi, həm də hərbi-texniki əməkdaşlıq baxımından əhəmiyyətlidir.

Digər tərəfdən, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlaması da maraqlıdır. O, İrana “nəzərə alınacaqsınız” mesajı verərək, həm Vaşinqton sazişinin icrasına mane olmamaq, həm də Tehranla münasibətləri pozmamaq arasında tarazlıq saxlamağa çalışır.

Bu vəziyyət göstərir ki, Vaşinqton razılaşması hər nə qədər Azərbaycan–Ermənistan münasibətlərində dönüş nöqtəsi kimi təqdim olunsa da, əslində, regionun böyük oyunçuları üçün tranzit və təsir sahələrinin yenidən bölüşdürülməsi prosesini işə salır. İranın reaksiyası da göstərir ki, “dəhliz” yalnız texniki nəqliyyat layihəsi deyil, həm də yeni geosiyasi reallığın açarıdır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR