Türkiyə hərbi rəsmiləri Naxçıvanda Muxtar Respublika rəhbərliyi ilə görüşərək bölgədə təhlükəsizlik məsələlərini müzakirə edib. Strateji hərbi əməkdaşlıq sayəsində Azərbaycan Naxçıvan və Cənubi Qafqazda müdafiə qabiliyyətini gücləndirir, sərhəd təhlükəsizliyini möhkəmləndirir və regional strateji balansı təmin edir.
Eyni zamanda, hərbi texnologiya və təcrübə mübadiləsi ilə Azərbaycan Silahlı Qüvvələrinin imkanları artırılır, strateji dəhlizlərin qorunması təmin olunur.
Türkiyə ilə strateji hərbi əməkdaşlıq Azərbaycan üçün Naxçıvan və Cənubi Qafqazda hansı üstünlükləri təmin edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq 2021-ci ildə Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi əsasında uğurla davam etdirilir:
"Bu əməkdaşlıq ölkələr arasında yalnız hərbi sahədə deyil, həm də digər strateji və diplomatik sahələrdə əlaqələrin daha da dərinləşdiyini göstərir və hər iki tərəfin qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə sadiqliyini əks etdirir".

Ədalət Verdiyev: Türkiyə Quru Qoşunları Komandanının geniş heyətlə Naxçıvana səfəri xüsusi önəm daşıyır
Onun sözlərinə görə, son dövrlərdə regionda baş verən hadisələr, xüsusilə İran tərəfindən potensial təhlükələr, Azərbaycan və Türkiyəni Naxçıvanın hava müdafiəsini gücləndirməyi prioritet məsələ kimi müəyyən etməyə vadar edib:
"Bu baxımdan Türkiyə Quru Qoşunları Komandanının geniş heyətlə Naxçıvana səfəri xüsusi önəm daşıyır. Səfər çərçivəsində keçirilən görüşlərdə həm hərbi rəhbərlik, həm də Naxçıvanın siyasi rəhbərliyi ilə müzakirələr aparılıb, regionda təhlükəsizliyin gücləndirilməsi və hərbi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə addımlar razılaşdırılıb".
Həmsöhbətimizin qeyd etdiyinə görə, bu səfər bir daha göstərdi ki, Türkiyə Azərbaycanla hərbi və müdafiə sahəsində yalnız bir tərəfdaş deyil, həm də strateji dəstəkçi olaraq regiondakı təhlükəsizlik və sabitliyin təmin olunmasında birgə maraqlara sadiqlik nümayiş etdirir:
"Hər iki ölkənin qarşılıqlı əməkdaşlığı, xüsusilə Naxçıvan kimi həssas bölgələrdə, strateji balansın qorunması və potensial təhdidlərin önlənməsi baxımından böyük əhəmiyyət kəsb edir".
Əli Hüseynov
Bakı 




