• Bakı 12° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Azərbaycanda gənclər siyasəti: hüquqi islahatlar və perspektivlər

LAYİHƏ

31 Oktyabr 2024 | 11:05

Azərbaycanda gənclər siyasəti: hüquqi islahatlar və perspektivlər

6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycanın müasir dövrdə qarşılaşdığı sosial-iqtisadi çağırışlardan biri də gənclərin hüquqlarının təmin edilməsi və inkişafının dəstəklənməsi üçün mükəmməl bir siyasi və hüquqi bazanın formalaşdırılmasıdır.

Gənclər hər bir dövlətin inkişaf potensialını təşkil edən ən vacib qruplardan biridir. Buna görə də, gənclərə yönəlmiş siyasət və islahatlar, onların cəmiyyətin aktiv iştirakçıları olmasını təmin etməklə yanaşı, Azərbaycan üçün gələcəkdə dayanıqlı inkişafın təməlini qoyur.

Bu islahatların əsasını nə təşkil edir?

Bakıvaxtı.az bu mövzuda ölkəmizin gənclər siyasətini, ona hüquqi yanaşmanı və formalaşmış bazanı hüquqşünas Ayxan Məmmədli ilə birlikdə təhlil edib.

Hüquqşünasın sözlərinə görə, son illərdə Azərbaycanda gənclər siyasəti və hüquqi islahatların yenilənməsi ilə bağlı ciddi tədbirlər həyata keçirilib ki, bu da gənclərin təhsil, məşğulluq və sosial müdafiə sahələrində yeni imkanlarla təmin olunmasına yönəlib:

"Gənclər siyasətinin əsas məqsədi onların sosial-iqtisadi həyatdakı aktiv iştirakını təmin etmək, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını qorumaq və inkişafına kömək göstərməkdir. Bir çox qanunlar və hüquqi aktlar çərçivəsində həyata keçirilən tədbirlər dövlətin gənclərə olan dəstəyinin bariz nümunəsidir. Bu qanunvericilik topluları vasitəsilə gənclərin təhsil hüququndan istifadə edə bilmələri, ictimai həyatın müxtəlif sahələrində fəal iştiraka cəlb olunmaları, sağlam həyat tərzinin formalaşması, mənəvi və intellektual səviyyələrinin yüksəldilməsi üçün şərait yaradılır. Azərbaycan hökuməti gənclərin öz hüquq və vəzifələrini daha yaxşı anlamaları üçün müxtəlif hüquqi maarifləndirmə proqramları həyata keçirir ki, bu da onların sosial məsuliyyətlərini artırır və cəmiyyətdə aktiv rol almalarına dəstək olur".

Onun fikrincə, Azərbaycan gənclərinin sosial rifahının yaxşılaşdırılmasında ən əsas addım gənclərin məşğulluq səviyyəsinin artırılmasıdır. Müsahibimiz bildirib ki, gənclərin işlə təmin edilməsi istiqamətində atılan addımlar dövlət siyasətinin əsas hissəsidir:

"Azərbaycanda işsizliklə mübarizə çərçivəsində yaradılan məşğulluq proqramları, gənclərin iş həyatına atılması üçün geniş imkanlar yaradır. Xüsusən də, gənclərə sahibkarlıq ruhunu inkişaf etdirməyə kömək etmək məqsədilə startap layihələrinə dəstək proqramları həyata keçirilir. Dövlət tərəfindən verilən qrantlar, təlim proqramları və maliyyə dəstəyi, innovasiya sahəsində fəaliyyət göstərmək istəyən gənclərin öz bizneslərini qurmasına və müstəqillik qazanmasına şərait yaradır. Bu da gənclər arasında işsizlik səviyyəsinin azalmasına və onların ölkə iqtisadiyyatına töhfə verməsinə kömək edir. Azərbaycanda sahibkarlıq fəaliyyətini dəstəkləyən hüquqi islahatlar gənclərin öz ideyalarını reallaşdırması üçün münbit mühit yaradır və onları daha rəqabətqabiliyyətli edir".

Hüquqşünas Azərbaycan gənclərinin təhsil hüququ mövzusuna da toxunub. Bildirib ki, təhsil hüququ gənclərin inkişafında mühüm rola malikdir. Azərbaycan dövlətinin təhsil sahəsində apardığı islahatlar gənclərin beynəlxalq təcrübədən faydalanmasını təmin etməklə yanaşı, onların milli kimliklərini qoruyub saxlamağa da şərait yaradır. Təhsilin əlçatanlığının artırılması, yüksək keyfiyyətli təhsil imkanlarının təmin edilməsi və təhsil müəssisələrində müasir metodların tətbiqi gənclərin rəqabət qabiliyyətini artırır. Həmçinin, xüsusi ehtiyacları olan gənclər üçün xüsusi təhsil proqramlarının genişləndirilməsi, onların sosial və iqtisadi həyatda tam iştirak etməsinə kömək edir. Dövlətimiz gənclərin beynəlxalq arenada təmsil olunmasını dəstəkləyərək, təhsil almaq üçün xarici ölkələrdə təqaüd proqramları təqdim edir. Bu proqramlar vasitəsilə gənclər, ölkələr arası təcrübə mübadiləsində iştirak edərək, qlobal bilik və bacarıqlara yiyələnirlər.

Ayxan Məmmədli: Azərbaycanda gənclərin sosial rifahı üçün geniş miqyasda sosial proqramlar həyata keçirilir

Həmsöhbətimizin dediyinə görə, gənclərin hüquqlarının müdafiəsi ilə yanaşı, onların sosial müdafiəsinin təmin edilməsi də dövlətin prioritet məsələlərindəndir:

"Azərbaycanda gənclərin sosial rifahı üçün geniş miqyasda sosial proqramlar həyata keçirilir. Gənclərin yaşayış şəraitinin yaxşılaşdırılması, mənzil təminatının gücləndirilməsi və sağlamlıq xidmətlərinə çıxış imkanlarının artırılması bu siyasətin mühüm tərkib hissələridir. Sosial müdafiə sahəsində aparılan islahatlar gənclərə daha sabit, təhlükəsiz bir gələcək təmin etmək məqsədilə onların yaşayış şəraitini yaxşılaşdırır və sağlam həyat tərzi sürmələri üçün müvafiq şərait yaradır. Dövlət tərəfindən həyata keçirilən sosial layihələr, sosial təminat proqramları və xüsusi güzəştlər gənclərin cəmiyyətə daha aktiv inteqrasiyasını və sosial təhlükəsizliyini təmin edir".

Ekspert qeyd edib ki, Azərbaycanda gənclər siyasətində hüquqi islahatlar və ictimai iştirakçılığın artırılması üçün nəzərdə tutulan tədbirlər gənclərin hərtərəfli inkişafına töhfə verir:

"Hüquqi biliklərin yayılması, gənclərin vətəndaş cəmiyyəti təşkilatlarında fəal iştirakı, onların hüquqlarını müdafiə edən yeni mexanizmlərin tətbiqi bu sahədə əldə edilən mühüm nailiyyətlərdəndir. Azərbaycan dövlətinin gənclərin problemlərinə həssas yanaşması, onların gələcəkdə dövlət idarəçiliyində, ictimai həyatda və digər sahələrdə liderlik qabiliyyətini inkişaf etdirmək üçün şərait yaratması ilə müşayiət olunur. Bu tədbirlər gənclərin demokratik dəyərlər əsasında yetişməsinə, məsuliyyətli vətəndaş kimi formalaşmasına yardım edir. Bundan əlavə, gənclərin siyasi həyatda iştirakı, seçkilərdə fəallığı və ictimai təşəbbüslərdə fəallıq imkanları dövlətin gənclərə olan etibarını və gələcəkdə onların liderliyinə olan ümidini göstərir".

Son olaraq Ayxan Məmmədli bildirib ki, Azərbaycanda gənclər siyasətində həyata keçirilən hüquqi islahatlar gənclərin ölkənin inkişafında daha böyük rol oynaması üçün mühüm addımlardır. Gənclərin hüquqlarının qorunması, onların inkişafına dəstək verilməsi və sosial müdafiəsinin təmin edilməsi istiqamətində aparılan islahatlar Azərbaycanın inkişaf potensialının bir hissəsidir.

"Bu islahatlar gəncləri iqtisadi, sosial və hüquqi sahələrdə daha güclü etməklə, ölkənin gələcəyinə yönəlmiş strateji bir investisiyaya çevrilir. Azərbaycanda gənclərə göstərilən diqqət və dəstək, onların gələcəkdə ölkəni daha da irəli aparan vətəndaşlar olmasına şərait yaradır. Bu prosesdə dövlətin atdığı addımlar gənclərin milli və qlobal miqyasda təsirli və fəal liderlər kimi formalaşmasını təmin edir, ölkənin müasir inkişaf yolunda gənclərin potensialından maksimum istifadəni təmin edir",- Ayxan Məmmədli fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

14 Noyabr 2024