6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi hər zaman çox diqqət edilən məsələlərdən biri olub. Çünki ekologiyanın çirklənməsi müxtəlif xəstəliklərin də yaranması deməkdir və nəinki bizim ölkəmiz bütün dünya üçün ekologiyanın mühafizəsi prioritet vəzifəyə çevrilməlidir.
Təsadüfi deyil ki, hər il iyunun 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilən və hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bütün ekoloqlar və ekoloji təşkilatların qlobal diqqətini ekoloji problemlərə cəlb etmək, habelə ətraf mühitin qorunmasına yönəlmiş siyasi marağı və müvafiq tədbirləri stimullaşdırmaq məqsədi daşıyır.
Ətraf mühitin qorunması və təmizliyi mühafizəsi təkcə dövlətin yox, həm də vətəndaşların üzərinə düşün vəzifədir. Bu da o deməkdir ki, istənilən halda vətəndaş məsuliyyəti amilin daha çox önə çıxır.
Belə problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür, ekoloji təhlükəsizliyin təmin olunması üçün bir sıra qərarlar qəbul edilir.
Milli Məclisin sonuncu plenar iclasında ətraf mühiti çirkləndirənlərə, zibilləri zibil qablarına deyil, yerə atanlara qarşı cərimələr sərtləşdirilib ki, bu da dövlətimizin ekologiyaya zərər vuranların qarşısını almaq atdığı addımlardan biridir.
Maraqlıdır, bu cərimələr həqiqətən də ətraf mühitin çirkləndirilməsinin qarşını alacaqmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, ətraf mühitin qorunması, ətraf mühitin zibillənməməsi üçün ictimai qınaq elə də güclü deyil.
Bəzi vətəndaşların zibilləri qutulara atmaqdan çəkindiyini, tənbəllik etdiyini və hara gəldi zibili atdıqlarını deyib. Bildirib ki, bu azmış kimi insanlar hətta idarə etdikləri avtomobilin pencərəsindən avtomobil hərəkətdə olduqda da zibilləri hara gəldi tullayırlar və bu da nəticə etibarilə ətrafımızın çirklənməsi ilə nəticələnir və tək sakinlər, vətəndaşlar, fiziki şəxslər yox, hüquqi şəxslər də çox ciddi qanun pozuntuları edirlər:
“Bəzən çox təəssüflər olsun ki, tibbi tullantıları da adi tullantılar olan yerlərə atmaq insanlar üçün rahat olur və nəticədə biz ətraf mühiti çirkləndiririk, müxtəlif yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxardırıq. Bu isə istər-istəməz insanların sağlamlığı üçün böyük zərbədir. Bu baxımdan mən düşünürəm ki, digər Avropa və inkişaf etmiş ölkələrdə olduğu kimi çox ağır cərimələr tətbiq etməklə insanları bundan çəkindirmək yolundan başqa çıxış yolu yoxdur”.
N.Həmzəyev xatırladıb ki, məhz avtomobillərin xüsusi zolaqlarda idarə olunması ilə bağlı müəyyən cərimələr tətbiq edildikdən sonra artıq bu problemin qismən aradan qaldırıldığı müşahidə olunmağa başladı.
Naqif Həmzəyev: Məqsəd daha çox cərimə yığmaq yox, insanları ətraf mühiti çirkləndirmək yayındırmaqdır
Onun sözlərinə görə, ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə edilməsi ilə bağlı tətbiq edilmiş cərimələr bu problemin həllinə töhfə verəcək.
Bu cərimələrin artırılmasında məqsədin daha çox cərimə yığmaq yox, insanları bu xoşagəlməz hadisəni törətməkdən yayındırmaq olduğunu nəzərə çatdıraraq vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı qanunlara tabe olmalı, çalışmalıdır ki, bu qanunların işləməsi üçün mütləq ictimai qınaq olsun və belə olacağı təqdirdə problem də həll edilmiş olacaq:
“Bütün bunlarla yanaşı mən parlamentin komitə iclasında bu problemin kökündən həll edilməsi üçün də bir təkliflə çıxış etdim. Biz zibilləri atmaq üçün zibil qutularının sayını mütləq artırmalıyıq. Hər addımbaşı biz bu cür tutumların olmasını mütləq təmin etməliyik”.
Millət vəkili şəhər mərkəzlərində qapaqlı zibil qutuları olsa da, şəhərdən kənarda qapağı olmayan zibil qablarının müşahidə olunduğunu söyləyib. Onun sözlərinə görə, bu hal əlavə problem yaradır. Müsahibimiz izah edib ki, hətta vətəndaş öz zibillərini həmin zibil qutularına atsa belə, külək vasitəsilə zibillər təkrar oradan çıxır və şəhərə yayıla bilir.
Eyni zamanda heyvanların da məhz həmin zibillərdən istifadə etdiklərini və bunun da nəticədə nəticədə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxardığını söyləyib:
“Həmçinin bəzi vəhşi heyvanların da şəhərlərdə sayının artmasına biz rast gəlirik. Məsələn belə faktlər var ki, şəhər kənarlarında artıq tülkülərin, çaqqaların sayı artıb. Bu da bir daha ona dəlalət edir ki, demək ki, onların qidalanması üçün yem var və onlar şəhərdə gəlib bu qidadan istifadə edirlər. Eyni bu problem, yəni zibil qutularının qapaqlarının olmaması Bakıdan fərqli olaraq başqa şəhər və rayonlarda daha çox rast gəlinir. Bu baxımdan biz yeni standartlar formalaşdırmalıyıq ki, zibil qutuları mütləq qapaqlı olsunlar”.
Həmsöhbətimiz son olaraq bildirib ki, bu tədbirlərin davamı olaraq isə mütləq növbəti mərhələlər üçün zibillərin, tullantıların çeşidlənməsi artıq qanunla müəyyənləşməlidir ki, sonradan bu zibillərin aparılaraq təkrar emalı və yaxud onların çeşidlənməsinə sərf edilən zamana qənaəti də həyata keçirə bilək:
“İstənilən halda mən bu dəyişiklikləri müsbət dəyərləndirirəm. Burada hədəf bir daha qeyd etmək istəyirəm ki, daha çox cərimə yığmaq yox, insanları ətraf mühiti çirkləndirmək yayındırmaqdır. İnsanları da bu məsələyə töhfə verməyə və ictimai qınaq prosesində aktiv olmağa çağırıram”.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb