31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Bakıvaxtı.az xatırladır ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə bolşevik-daşnak silahlı birləşmələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər.
Tarixi mənbələrə görə, yalnız Bakıda minlərlə dinc sakin amansızcasına qətlə yetirilib. Şamaxıda 8 mindən çox azərbaycanlı öldürülüb, Qubada isə 16 mindən artıq insan vəhşicəsinə məhv edilib. Məscidlər, məktəblər, tarixi abidələr yandırılıb, kəndlər yerlə-yeksan edilib.
Bu soyqırımı hadisələri Azərbaycan Xalq Cümhuriyyəti dövründə araşdırılmış və 1919-cu ilin mart ayında Azərbaycan hökuməti 31 mart tarixini ümummilli matəm günü elan edilib. Lakin sovet hakimiyyəti illərində bu hadisələr ört-basdır edilib. Yalnız 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdiriib.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində və xarici ölkələrdə anım tədbirləri keçirilir, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir. Azərbaycan dövləti bu hadisələrin beynəlxalq səviyyədə tanınması üçün ciddi səylər göstərir.
Xalqımızın soyqırımı təkcə keçmişin faciəsi deyil, həm də gələcək nəsillərə tarixi ədaləti qorumaq üçün bir çağırışdır.
Əli Hüseynov