• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Sülhə çağırış var, nəticə yoxdur: BMT nə edə bilər?

SİYASƏT, DÜNYA

09 Oktyabr 2026 | 16:25 | Müəllif: Günəş Mərd

Sülhə çağırış var, nəticə yoxdur: BMT nə edə bilər?

BMT Təhlükəsizlik Şurası bu gün “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” mövzusunda müzakirə keçirəcək. Toplantı fonunda beynəlxalq təşkilatın Ukraynada müharibənin dayandırılması və sülhün təmin olunması istiqamətində real təsir imkanları yenidən gündəmə gəlir.

Politoloq Rəşad Bayramov bu barədə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, BMT-nin münaqişələrə təsir göstərmək üçün hüquqi və siyasi alətləri mövcuddur. Lakin Ukrayna münaqişəsində əsas problem həmin mexanizmlərin olmaması deyil, onların tətbiqi qarşısındakı siyasi maneələrdir.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası atəşkəs tələb edən qərarlar qəbul edə, iqtisadi sanksiyalar tətbiq edə, silah embarqosu müəyyənləşdirə və müəyyən hallarda kollektiv tədbirlərə icazə verə bilər. BMT Nizamnaməsinin VII fəslində nəzərdə tutulan bu mexanizmlər beynəlxalq sülhə təhlükə yaradan vəziyyətlərə müdaxilə üçün hüquqi əsas yaradır.

Politoloq qeyd edib ki, Təhlükəsizlik Şurasının beş daimi üzvündən hər hansı birinin veto hüququndan istifadə etməsi qərarların qəbuluna mane ola bilər. Rusiya isə Ukrayna münaqişəsinin birbaşa tərəfi olmaqla yanaşı, Şuranın daimi üzvüdür.

“Bu vəziyyət BMT sistemində ciddi institusional ziddiyyət yaradır. Beynəlxalq sülhün qorunmasında xüsusi məsuliyyət daşıyan dövlətlərdən biri ilə bağlı məsələlərdə həmin dövlətin özünün qərarların qarşısını almaq imkanı var”, – deyə R.Bayramov vurğulayıb.

Politoloqun fikrincə, BMT-nin rolunu yalnız Təhlükəsizlik Şurasının veto mexanizmi ilə məhdudlaşdırmaq düzgün deyil. Baş Assambleya vasitəsilə beynəlxalq dəstəyin səfərbər edilməsi, humanitar yardımın əlaqələndirilməsi, mülki əhalinin müdafiəsi və diplomatik danışıqların təşviqi təşkilatın digər təsir imkanlarıdır.

O bildirib ki, Baş Assambleyanın qərarları, bir qayda olaraq, Təhlükəsizlik Şurasının məcburi qərarları ilə eyni hüquqi qüvvəyə malik olmasa da, beynəlxalq ictimai rəyin formalaşmasında və siyasi təzyiqin gücləndirilməsində mühüm rol oynayır.

R.Bayramov diqqətə çatdırıb ki, diplomatik bəyanatların konkret nəticələrlə müşayiət olunması vacibdir. Onun sözlərinə görə, BMT rəsmiləri sentyabrın 23-də keçirilən Təhlükəsizlik Şurası müzakirəsində mülki itkilərin artması, hücumların intensivləşməsi və münaqişənin regiona yayılması riskləri barədə xəbərdarlıq ediblər, tərəfləri dərhal, tam və qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün diplomatik səyləri gücləndirməyə çağırıblar.

Politoloq hesab edir ki, sülh yalnız hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmamalı, davamlı təhlükəsizlik təminatlarına və beynəlxalq hüquqa hörmətə əsaslanmalıdır.

“Əks halda, atəşkəs münaqişənin həlli deyil, növbəti qarşıdurmaya qədər verilmiş fasiləyə çevrilə bilər”, – deyə o bildirib.

R.Bayramovun qənaətinə görə, BMT Ukraynada sülhə nail olmaq üçün hüquqi və diplomatik vasitələrə malikdir. Ancaq bu vasitələrin effektivliyi böyük dövlətlərin siyasi mövqelərindən və beynəlxalq təzyiqin vahid istiqamətdə formalaşdırılmasından asılıdır.

Politoloq əlavə edib ki, təşkilatın qarşısında duran əsas sınaq yalnız sülhə çağırış etmək deyil, bu çağırışları real siyasi nəticələrə çevirə biləcək kollektiv iradənin formalaşmasına nail olmaqdır. BMT-nin nüfuzunun möhkəmlənməsi isə beynəlxalq hüquq prinsiplərinin bütün dövlətlərə ardıcıl və bərabər tətbiq edilməsindən asılıdır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026