Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair tələblərə dəyişiklik edilib. Qərara əsasən, müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində vahid geyim formasının tətbiqinə son 10 ildə başlanılıb.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin yeni qərarı ilə bu sahədə müəyyən dəyişikliklər və əlavələr edilib.
Ekspert qeyd edib ki, ümumtəhsil məktəblərində Nazirlər Kabinetinin təklif etdiyi dörd geyim formasından biri pedaqoji şuranın qərarı ilə seçilə bilər və seçilmiş forma üç ildən bir dəyişdirilə bilər.
Məzahir Məmmədlinin fikrincə, yeni tələblərin əsas məqsədi məktəblərdə geyimlə bağlı vahidliyi qorumaq və şagirdlərin diqqətinin tədris prosesindən yayınmasının qarşısını almaqdır.
O xatırladıb ki, 2025–2026-cı tədris ilinin sonunda keçirilən “Son zəng” tədbirləri ərəfəsində şagirdlərin geyimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi valideynlər qızların tədbirə qısa ətəklərlə gəlməsini tənqid edib, müxtəlif fikirlər səsləndirilib. Makiyaj və aksesuarlardan istifadə də müzakirə olunan məsələlər sırasında olub.

Təhsil eksperti Məzahir Məmmədli
Ekspert hesab edir ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqi bu cür mübahisələrin azalmasına və bərabərlik prinsipinin qorunmasına kömək edə bilər.
“Dünya təcrübəsində də şagirdlərin diqqətinin dərsdən yayınmaması və təhsil müəssisələrində vahidliyin qorunması üçün bu cür qaydalar tətbiq olunur. Məsələn, xəstəxanalarda həkimlərin vahid geyim formasından istifadə etməsinə öyrəşmişik. İstər kişi, istərsə də qadın həkim olsun, onların geyimində müəyyən standartlar qorunur. İstərdik ki, məktəblərdə də bu prinsipə əməl olunsun və geyimlə bağlı əlavə müzakirələrə ehtiyac qalmasın”, – deyə Məzahir Məmmədli bildirib.
Ekspertin qənaətinə görə, qəbul edilmiş qərarların səmərəli icrası üçün məktəblərdə müəyyən olunmuş geyim qaydalarına əməl edilməsinə nəzarət gücləndirilməlidir.
Günəş Mərd
















