Özünü hələ də prezident sayan Zurabaşvili və müxalifət yeni seçkilərin keçirilməsini tələb edəcəklər.
Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, martın 31-də Tiflis küçələri yenidən qarışa bilər. Buna səbəb Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin yeni seçkilər keçirilməsi tələbi ilə aksiya keçirmək təəbbüsüdür. O, parlament seçkilərindən və yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, özünü hələ də “qanuni prezident” hesab edir.
Aksiya üçün tarixin seçilməsi də təsadüfi deyil. 1991-ci ilin 31 martında Gürcüstan sakinlərinin 98%-nin SSRİ-ni tərk etməyə səs verdiyi referendumun ildönümü qeyd olunacaq. “İndi ölkəni Putinin marionetləri idarə etdiyinə görə Gürcüstanın müstəqilliyinin taleyi 34 il əvvəl olduğu kimi xalqın iradəsindən asılıdır”, - deyə müxalifətin bəyanatında bildirilir.
Ötən il oktyabrın 26-da “Gürcü arzusu”nun səslərin təxminən 54%-ni aldığı səsvermənin rəsmi nəticələrini müxalifət “gürcü xalqının həqiqi iradəsini əks etdirmədiyi” hesab edir.
Uzun müddətdir ki, mərkəzi Rustaveli prospektində, parlament binasının yaxınlığında, müxalifətin “səssiz aksiyası” davam edir. Onlar hər axşam prospektin yolunu bağlayır və orada səssizcə dayanaraq əsas tələbləri olan plakatlar asırlar. Axşamlar Rustaveli prospektindəki mitinqə müxtəlif peşə və sosial qrupların nümayəndələri də qoşulur.
Keçmiş nazir, hazırda müxalifətdə olan Paata Zakareişvili “Kommersant”a deyib ki, minlərlə insanın mitinqinin keçiriləcəyi 31 martı gözləyir. Onun sözlərinə görə, nə iqtidarın, nə də müxalifətin “hələ həlledici zərbə potensialı yoxdur” və “hər iki tərəf rəqibin yorulmasını gözləyir”.
Bu arada, Mixail Saakaşvilinin partiyası həmkarlarını keçmiş prezidentin azadlığa buraxılması üçün kifayət qədər fəallıq göstərmədiklərinə görə qınayıb. Partiya funksioneri Petr Tsiskarişvilinin sözlərinə görə, “Saakaşvili müxalifətdə ən güclü fiqur olaraq qalır”. Xatırladaq ki, Mixail Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 6 il həbs cəzası çəkib. Martın 12-də isə o, 2004-2013-cü illərdə prezident olarkən dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək əlavə olaraq doqquz il azadlıqdan məhrum edilib. Digər müxalifət liderləri – Mamuka Xazaradze, Nika Qvaramiya, Giorgi Qaxariya, həqiqətən də, ölkənin üçüncü prezidentinin azadlığa buraxılması məsələsini irəli sürmürlər və hətta onu siyasi məhbus adlandırmırlar. Onlar öz mövqelərini Mixail Saakaşvilinin seçiciləri arasında qeyri-populyar olması ilə izah edirlər.
Gürcüstan hakimiyyəti bundan əvvəlki icazəsiz aksiyalarda iştirak edən yüzlərlə dövlət qulluqçusunu “idarənin yenidən təşkili” bəhanəsi ilə işdən çıxarılıb. Onlarla tələbə universitetlərdən xaric edilib. Dekabrda baş verən qarşıdurmalar zamanı zorakılıq və dövlət əmlakına ziyan vurmaq ittihamı ilə 50-dən çox adam həbs edilib və onlar da məhkəmə hökmünü gözləyirlər.
Eyni zamanda, hakim partiya qanunvericiliyi də sərtləşdirir, xüsusən də “Xarici agentlərin qeydiyyatı haqqında” yeni qanunu birinci oxunuşda artıq qəbul edib, “dövlətə xəyanət” maddəsini Cinayət Məcəlləsinə qaytarıb.
Gürcüstanın müxalifət partiyaları “Gürcü arzusu” və onun yaradıcısı Bidzina İvanişviliyə qarşı sərt sanksiyaların tətbiqi üçün Qərbdə fəal işləyirlər. Onların səyləri indi əsasən Londona yönəlib, çünki İvanişvilinin əmlaklarının əhəmiyyətli hissəsi Britaniyanın ofşor zonalarında yerləşir.
Bəzi müxalifət liderləri indiki etirazların səviyyəsini yetərsiz hesab edirlər. Məsələn, Liberllar Partiyasının qurucusu Zurab Caparidze əmindir ki, vəziyyəti ancaq “dərin iqtisadi böhran” dəyişə bilər. Və siyasətçinin fikrincə, bu, o zaman baş verəcək ki, Qərb Gürcüstana bütün maliyyə yardımlarını dayandırsın, vətəndaşlar vergi ödəməyi dayandırsın, qaz və elektrik enerjisi haqqını ödəməkdən imtina etsin, Qara dənizin Poti və Batumi limanları isə tam tətil elan etsin.
Beləliklə, Türkiyədəki gərginlikdən sonra qonşu Gürcüstanda da vəziyyət gərginləşə bilər.