• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycan təhsil sistemində vətənpərvərlik şüuru

LAYİHƏ

29 Noyabr 2024 | 15:54

Azərbaycan təhsil sistemində vətənpərvərlik şüuru

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Azərbaycan xalqı tarix boyu milli kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq uğrunda mübarizə aparıb. Bu prosesdə vətənpərvərlik şüurunun formalaşdırılması cəmiyyətin inkişafı və davamlılığı üçün mühüm rol oynayır.

Vətənpərvərlik təkcə Vətənə sevgi deyil, həm də onun müdafiəsinə, inkişafına və rifahına xidmət etmək məsuliyyətini ehtiva edir. Bu dəyərlərin gənc nəsillərə ötürülməsi əsasən təhsil sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan təhsil sistemi də bu istiqamətdə mühüm vəzifələr daşıyır.

Bəs ölkəmizin təhsil sistemində bu tip məsələlərə necə yer ayrılır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən pedaqoq-filoloq Ruslan Mustafayev bildirib ki, vətənpərvərlik təhsil sisteminin ayrılmaz bir hissəsi kimi milli-mənəvi dəyərlərin qorunması, gənclərin sosial və psixoloji inkişafı, həmçinin milli kimliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır:

"Azərbaycan təhsil qanunvericiliyində və milli kurikulumda bu məsələyə xüsusi diqqət yetirilir. Məktəblərdə tədris edilən humanitar fənlər, xüsusilə Azərbaycan tarixi, Ədəbiyyat və digər fənlərin mövzularını əhatə edən xüsusi dərslər, şagirdlərdə milli qürur hissinin gücləndirilməsinə xidmət edir".

Müsahibimizin sözlərinə görə, Azərbaycanın müstəqillik əldə etməsindən sonra təhsil proqramlarında milli dəyərlərin təbliği daha geniş yer tutmağa başlayıb:

"Tarixi şəxsiyyətlərin, milli qəhrəmanların və xalqın azadlıq mübarizəsindəki rolunun vurğulanması ilə şagirdlərə milli yaddaşın önəmi aşılanır. Məsələn, orta məktəb dərsliklərində müstəqil Azərbaycanın tarixi, Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi ilə bağlı geniş məlumatlar təqdim edilir. Bu məlumatlar gənclərdə milli qürur hissini oyatmaqla yanaşı, onları Vətənin müdafiəsində daha məsuliyyətli olmağa təşviq edir".

Ruslan Mustafayev: Müasir texnologiyaların təsiri ilə bəzi gənclərdə milli dəyərlərə biganəlik müşahidə edilir

Pedaqoq bildirib ki, vətənpərvərlik təkcə sinif otaqları ilə məhdudlaşmır. Məktəbdənkənar fəaliyyətlər, xüsusilə ekskursiyalar, tarixi abidələrə səfərlər, veteranlarla görüşlər və vətənpərvərlik mövzusunda keçirilən tədbirlər, gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırır:

"Məsələn, Azərbaycan məktəblərində "Zəfər günü" ilə bağlı keçirilən tədbirlər şagirdlərdə azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə xidmət edir. Bundan əlavə, idman yarışlarında, musiqi və rəqs festivallarında milli dəyərlərin təbliği gəncləri həm də mədəni irsə bağlayır".

Müəllimlərin vətənpərvərlik şüurunun aşılanmasında aparıcı rol oynadığını vurğulayan R.Mustafayev diqqətə çatdırıb ki, onların şəxsi nümunələri, şagirdlərə milli qəhrəmanlar haqqında verdikləri biliklər və mövzuları izah edərkən nümayiş etdirdikləri emosional bağlılıq bu prosesdə əsas amillərdən biridir:

"Xüsusilə, ibtidai təhsil müəllimlərinin rolu daha böyük əhəmiyyət kəsb edir, bu yaşda şəxsiyyət kimi formalaşması yeni və mənəvi dəyərləri daha asan mənimsəmə qabiliyyətinə malik olur. Bu müəllimlərin hər bir sözünün və davranışının şüurunda dərin izlər buraxdığı məlumdur. Bundan əlavə, müəllimlərin tərbiyəvi fəaliyyətləri yalnız dərs mühiti ilə məhdudlaşmır. Onlar məktəb tədbirlərində, milli bayramlarda, xüsusi günlərdə şagirdlərlə birgə fəal iştirak etməli və həmin günlərin mahiyyətini ətraflı izah etməlidirlər. Müəllimlərin belə tədbirlərdə vətənpərvərlik ruhunu yüksək səviyyədə nümayiş etdirməsi, şagirdlərdə həmrəylik hissinin gücləndirir".

Mütəxəssis deyib ki, ailə və cəmiyyət də təhsil sisteminə əlavə dəstək olaraq vətənpərvərlik tərbiyəsində iştirak edir:

"Valideynlər uşaqlara milli bayramların mahiyyətini, tarixi hadisələrin əhəmiyyətini izah etməli və onlarda milli şüurun formalaşmasına töhfə verməlidirlər. Bundan əlavə, cəmiyyətdə aparılan maarifləndirici kampaniyalar və media vasitəsilə vətənpərvərlik ideyalarının geniş təbliği gənclərin bu dəyərləri daha yaxşı mənimsəməsini təmin edir. Uşaqların milli musiqilərimizə qulaq asması, milli geyimlərimizin geyilməsi və tarixi yerlərə ziyarətlərin təşkili kimi tədbirlər ailə daxilində milli kimliyin qorunmasını təmin edən təsirli üsullardandır. Bu, gənc nəslin öz tarixinə və mədəniyyətinə dərin hörmət hissi ilə böyüməsinə şərait yaradır".

Onun fikrincə, vətənpərvərlik şüurunun aşılanmasında bir sıra çətinliklər də mövcuddur:

"Müasir texnologiyaların təsiri ilə bəzi gənclərdə milli dəyərlərə biganəlik müşahidə edilir. Sosial şəbəkələr və qlobalizasiya tendensiyaları bəzi hallarda gəncləri milli ideologiyadan uzaqlaşdıra bilər. Buna görə də təhsil sistemində vətənpərvərlik tərbiyəsinin daha müasir metodlarla həyata keçirilməsi vacibdir. İnteraktiv təlim üsulları, rəqəmsal resurslardan istifadə və gənclərin maraqlarına uyğun tədbirlərin təşkil olunması bu istiqamətdə müsbət nəticələr verə bilər. . Gənclərin xarici mədəniyyətlərə yönəlməsi, milli kimlik və ənənələrə marağın azalması cəmiyyət üçün ciddi çağırış yaradır. Belə bir şəraitdə təhsil sisteminin vətənpərvərlik tərbiyəsinə yanaşması yenidən formalaşdırılmalı və müasir metodlarla zənginləşdirilməlidir".

Son olaraq Ruslan Mustafayev islahatların aparılması ilə bağlı bir neçə təklif irəli sürüb:

"Təhsil sistemi gənclərin maraqlarına və ehtiyaclarına uyğun tədbirlər təşkil edərək onların milli dəyərlərə bağlılığını gücləndirə bilər. Məsələn, gənclər üçün musiqi festivalları, tarixi mövzularda film nümayişləri, milli rəqs və sənət ustad dərsləri daha çox təşkil edilməlidir. Həmçinin, sosial mediada milli dəyərləri əks etdirən maarifləndirici kampaniyalar aparmaq və gənclərin öz fikirlərini ifadə edə biləcəyi onlayn platformalar yaratmaq bu məqsədə xidmət edə bilər. Rəqəmsal texnologiyalar vasitəsilə tədrisin zənginləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Müasir təhsil proqramlarında virtual reallıq (VR) və əlavə edilmiş reallıq (AR) texnologiyalarından istifadə etməklə tarixi hadisələri və məkanları daha canlı təqdim etmək mümkündür. Məsələn, şagirdlər VR texnologiyası vasitəsilə Şuşanın mədəni irsi və ya Cəbrayıldakı tarixi abidələr haqqında virtual ekskursiya edə bilərlər. Eyni zamanda, Qarabağ müharibəsi qəhrəmanları haqqında mobil tətbiqlər və interaktiv oyunlar hazırlamaq gənclərin bu mövzuya marağını artırar və onları daha çox məlumat öyrənməyə təşviq edəcək".

Beləliklə, bu nəticəyə gəlmək olar ki, Azərbaycan təhsil sistemi vətənpərvərlik şüurunun aşılanmasında əsaslı rol oynayır. Məktəblərdə tədris olunan fənlər, məktəbdənkənar fəaliyyətlər və müəllimlərin pedaqoji yanaşmaları ilə bu dəyərlər gənc nəsillərə ötürülür. Ailə və cəmiyyətin dəstəyi ilə bu proses daha səmərəli hala gəlir. Gələcək nəsillərin vətənə sevgi və sədaqət hissi ilə böyüməsi Azərbaycanın davamlı inkişafı və milli birliyinin təmin olunması üçün zəruri şərtdir.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR