• Bakı 15° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi artıb

İQTİSADİYYAT

18 Noyabr 2025 | 11:01

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,059 milyard ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 19,7 milyon ABŞ dolları və ya 1,9% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,59%-i həcmində olub. Bununla da ABŞ hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 52,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.

Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 1 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,5 milyon ABŞ dolları və ya 9,3% artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.


SON XƏBƏRLƏR

17 Noyabr 2025