Kənd qadınları fermer təsərrüfatlarının fəaliyyətində mühüm rol oynayır və onların iştirakı olmadan kənd təsərrüfatının səmərəli idarə olunması mümkün deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva səsləndirib.
O bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarların 23 faizini qadınlar təşkil edir. Bu göstərici qadınların iqtisadi fəallığının artdığını və xüsusilə regionlarda sahibkarlığa marağın yüksəldiyini göstərir.
Səkinə Babayeva qeyd edib ki, əsası 2023-cü ildə qoyulan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ölkədə qadın sahibkarlığının inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Onun sözlərinə görə, son illər qadın sahibkarların sayının artması bu sahədə həyata keçirilən dövlət siyasətinin və dəstək mexanizmlərinin real nəticəsidir.
“Bəzən assosiasiyalara fərqli və birmənalı olmayan yanaşmalar müşahidə olunur. Lakin bu cür düşüncələr dəyişməli, daha müasir və obyektiv baxışlarla əvəzlənməlidir. Assosiasiyalar sahibkarlar üçün mühüm platforma və dayaq rolunu oynayır”, – deyə o vurğulayıb.
Assosiasiya sədri bildirib ki, təşkilat fəaliyyətə başladığı gündən etibarən keçmiş “təmas xətti” bölgələrində İsveçrə Əməkdaşlıq Təşkilatı ilə birgə müxtəlif layihə və tədbirlər həyata keçirib. Bu təşəbbüslər regionlarda yaşayan qadınların iqtisadi fəallığının artırılmasına, onların bilik və bacarıqlarının inkişafına xidmət edir.
O çıxışında qadınlara daha geniş imkanların yaradılmasının vacibliyini xüsusi qeyd edib:
“Qadınlarımıza fürsət verilməlidir. Dövlət tərəfindən bu sahədə ciddi və ardıcıl dəstək göstərilir. Bizim əsas məqsədimiz qadınların kənd təsərrüfatında və ümumilikdə sahibkarlıqda daha fəal iştirakını təmin etməkdir”.
Əli Hüseynov
Bakı 



