“Aqrar festivalların keçirilməsinə Konfederasiya da tərəfdaş kimi qatılır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O bildirib ki, kənd təsərrüfatı sahəsi həm sosial, həm də milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.
M.Musayevin sözlərinə görə, ölkədə kənd təsərrüfatı, balıqçılıq və pambıqçılıq sahələrində 113 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir və bu sahələrdə 1 milyon manatdan artıq maliyyə vəsaitindən istifadə olunub. Dünyada qida məhsullarının bahalaşması tendensiyasının davam etdiyini qeyd edən Konfederasiya prezidenti vurğulayıb ki, bu səbəbdən ölkəmizdə xammaldan son məhsula qədər dəyər zəncirinin formalaşdırılması vacibdir.
“Biz toxumdan süfrəyə qədər bütün mərhələləri əhatə edən, brend yaradılmasına qədər uzanan kompleks yanaşmanı həyata keçirməliyik. Bu amillər məhsulun dəyərini artırır. Azərbaycan sahibkarları artıq bir sıra ölkələrə öz məhsullarını uğurla ixrac edirlər. Artıq "Made in Azerbaijan" brendinə etimad da artır”, – deyə o əlavə edib.
Əli Hüseynov
Bakı 



