• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Bakıda aqrar biznes festivallarına yekun vurulub - YENİLƏNİB

İQTİSADİYYAT

17 Dekabr 2025 | 12:25

Bakıda aqrar biznes festivallarına yekun vurulub - YENİLƏNİB

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə keçirilən Aqrar Biznes Festivallarının yekununa həsr olunmuş tədbir baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin, KOBİA-nın, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Sahibkarlar Konfederasiyasının, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili Dövlət Agentliyinin rəhbər şəxsləri, millət vəkilləri, sahibkarlar və fermerlər iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı prioritet və strateji sahələrdən biri kimi müəyyən edilib. Nazir qeyd edib ki, son illərdə aqrar sahədə istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Onun sözlərinə görə, rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır.

Nazir vurğulayıb ki, bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunub: “Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilib və 8 milyon manatdan artıq satış icra olunub. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib”.

Bildirilib ki, festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib, eyni zamanda regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb.

Tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədli, Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, “Caspian Event Organisers” şirkətinin direktoru Bəxtiyar Hidayətzadə və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivallarının fermerlərin istehsal vasitələrinə və güzəştli aqrar kreditlərə çıxışının təmin edilməsində mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, festivallar gələcək illərdə də aqrar sahənin innovativ və dayanıqlı inkişafına töhfə verəcək.

Məlumata görə, son illər ərzində bölgələrdə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib, onlardan 32-si 2025-ci ilin payına düşür. Bu il keçirilən festivallarda ümumilikdə 421 min 907 nəfər iştirak edib. Onlardan 38 min 492 nəfəri fermer, 383 min 415 nəfəri isə ziyarətçi olub.

2025-ci ildə festivallar çərçivəsində rayon icra hakimiyyətləri ilə birgə 19 Məhsul Festivalı təşkil edilib. Gələn il keçiriləcək “Caspian Agro 2026” beynəlxalq kənd təsərrüfatı sərgisində məhsul festivalları keçirilən bölgələrin “Azərbaycan pavilyonu” adı altında stendlə təmsil olunması planlaşdırılır.

Bundan əlavə, Aqrar Biznes Festivalları çərçivəsində bu il ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, eləcə də “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində 5 rayonda, o cümlədən Zəngilan rayonu və Xankəndi şəhərində “Bootcamp” proqramları keçirilib. Proqramlara 20-yə yaxın ali təhsil müəssisəsindən 90-a yaxın tələbə cəlb olunub.

Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbir “Aqrar sahədə dövlət qurumları arasında əməkdaşlıq imkanları” mövzusunda panel müzakirələrlə davam etdirilib.

Əli Hüseynov

***

10:40

Hilton” oteldə aqrar biznes festivallarının yekunlarına həsr olunmuş tədbir təşkil olunub.

Bakıvaxtı.az bildirir ki, tədbirdə həyata keçirilmiş bütün işlərlə bağlı hesabatlar veriləcək, Azərbaycan Kənd Təsərrüfatı Sərgisinin yeni formatı açıqlanacaq.

Qeyd edək ki, tədbirdə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər və digər rəsmi şəxslər iştirak edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

31 Yanvar 2026