Qloballaşmanın yeni mərhələsində nəqliyyat və logistika şəbəkələri təkcə iqtisadi inkişafın deyil, həm də regional təhlükəsizlik arxitekturasının aparıcı elementlərindən birinə çevrilib.
Xüsusilə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının genişlənməsi fonunda yeni mədən-nəqliyyat koridorlarının gündəmə gəlməsi Avrasiyanın geosiyasi mənzərəsində strateji dinamikanı daha da artırır.
Transxəzər marşrutu, Orta Dəhliz və digər alternativ kommunikasiya xətləri region ölkələrinə iqtisadi diversifikasiya imkanı yaratmaqla yanaşı, onların siyasi manevr qabiliyyətini də gücləndirir.
Bu koridorların reallaşması hansı siyasi və iqtisadi qarşılıqlı risklər və faydalar doğura bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Arzu Nağıyev bildirib ki, xüsusi xidmət orqanları beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsində hər zaman mühüm strateji rol oynayıb:
"Müasir dövrün mürəkkəb geosiyasi şərtləri bu rolun daha da aktuallaşmasına səbəb olur. Azərbaycan xüsusi xidmət strukturlarının rəhbərliyinin də qeyd etdiyi kimi, xüsusən Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərə bəzi destruktiv qüvvələrin müdaxilə cəhdləri müşahidə olunur. Bu cəhdlər regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasını istəməyən dairələrin niyyətlərini bir daha üzə çıxarır".
Deputat qeyd edib ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat marşrutu deyil, Avrasiyanın təhlükəsizlik arxitekturasının mühüm elementidir.
Müsahibimiz vurğulayıb ki, dəhlizin açılması regionun geosiyasi və geoiqtisadi balansında ciddi dəyişikliklərə yol aça bilər. Bu isə bəzi gücləri narahat edir. Dediyinə görə, məhz buna görə də həm region daxilində, həm də onun hüdudlarından kənarda müəyyən siyasi dairələr prosesləri ləngitmək üçün müxtəlif vasitələrdən, o cümlədən dezinformasiya kampaniyalarından istifadə edirlər.

Arzu Nağıyev: Belə bir şəraitdə xüsusi xidmət orqanlarının üzərinə düşən məsuliyyət daha da artır
Onun sözlərinə görə, bu qüvvələr arasında regional revanşist düşüncələrə malik siyasi qruplar da mövcuddur. Xüsusilə Ermənistan daxilində bəzi çevrələr kommunikasiya xətlərinin açılmasını özləri üçün təhlükə kimi qavrayır və bunun qarşısını almağa yönəlmiş addımlar atırlar:
"Lakin məlumdur ki, yaranacaq yeni nəqliyyat şəbəkəsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region ölkələri üçün mühüm iqtisadi dividentlər vəd edir. Bu marşrutun reallaşması bölgədə ticarət dövriyyəsini artıracaq, enerji və logistika əməkdaşlığını genişləndirəcək, həmçinin dayanıqlı sülhün möhkəmlənməsinə töhfə verəcək".
Arzu Nağıyev onu da deyib ki, belə bir şəraitdə xüsusi xidmət orqanlarının üzərinə düşən məsuliyyət daha da artır. Onlar regional sabitliyi pozmağa çalışan destruktiv qüvvələrin fəaliyyətini vaxtında aşkarlamaq, qarşısını almaq və strateji kommunikasiyaların təhlükəsizliyini təmin etmək kimi mühüm vəzifələrin icrasını davam etdirirlər.
“Zəngəzur dəhlizinin açılması yalnız iqtisadi və siyasi fayda deyil, həm də Avrasiyanın gələcək təhlükəsizlik konsepsiyasının formalaşmasında əsas sütunlardan biri ola bilər. Buna görə də prosesə mane olan qüvvələrə qarşı mübarizə həm regional, həm də qlobal çərçivədə strateji əhəmiyyət daşıyır”, - deyə Arzu Nağıyev əlavə edib.
Əli Hüseynov
Bakı 



