“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri təkcə idman tədbiri ilə məhdudlaşmır”.
Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Elmir Səftərov Azərbaycan Respublikasının Prezidenri İlham Əliyevin BƏƏ-yə səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu səfər, eyni zamanda, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın möhkəmləndiyini və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. İki ölkə prezidentləri arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq və şəxsi münasibətlər dövlətlərarası əlaqələrin daha da inkişafına mühüm töhfə verir.
Müsahibimiz bildirib ki, imzalanmış sənədlər, strateji tərəfdaşlıq haqqında memorandumlar və digər razılaşmalar əməkdaşlığın hüquqi və institusional əsaslarını gücləndirir:
“Bu münasibətlər yalnız siyasi sahə ilə məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, enerji, yaşıl texnologiyalar, humanitar və mədəni sahələri də əhatə edir. Əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlir və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli formalaşır”.
.jpg)
Elmir Səftərov: Azərbaycanla BƏƏ bütün platformalarda bir-birini dəstəkləyən tərəfdaşlar kimi çıxış edirlər
E.Səftərov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artması əməkdaşlığın real və praktik nəticələrini aydın şəkildə göstərir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yaradılmış Birgə İnvestisiya Fondu uzunmüddətli və strateji iqtisadi layihələrin maliyyələşdirilməsindəmühüm rol oynayır. BƏƏ-nin “Masdar” və ADNOC kimi aparıcı şirkətlərinin Azərbaycanın enerji sektorunda fəal iştirakı əməkdaşlığı ölkəmizin enerji strategiyasının, xüsusilə bərpa olunan enerji sahəsinin inkişafına töhfə verir:
“Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyi ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq da xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
Dediyinə görə, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq təşkilatlar çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birini dəstəkləyən tərəfdaşlar kimi çıxış edirlər. Bu proses bütövlükdə Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin genişlənməsinin bariz nümunəsidir.
“Ümumilikdə Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra çoxşaxəli və fəal xarici siyasət həyata keçirir. Yaxın Şərq, Mərkəzi Asiya və ərəb dünyası ölkələri ilə strateji və sistemli münasibətlərin qurulması ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir”, - deyə Elmir Səftərov əlavə edib.
Nərgiz Məmmədli
Bakı 




