• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Qarabağda Zəfər yolu: Azərbaycan Ordusunun döyüş əməliyyatları və uğurları

LAYİHƏ

18 Oktyabr 2024 | 10:28

Qarabağda Zəfər yolu: Azərbaycan Ordusunun döyüş əməliyyatları və uğurları

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Azərbaycan Ordusunun döyüş əməliyyatları Qarabağın işğaldan azad olunması ilə əlaqədar həm hərbi, həm də strateji baxımdan əlamətdar bir hadisə olaraq tarixə düşdü. Xüsusən də 2020-ci ilin sentyabrında başlamış İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad etməklə qətiyyətli uğurlara nail oldu. Bu proses hərbi-strateji planların düzgün hazırlanması və həyata keçirilməsi, müasir texnologiyaların geniş tətbiqi, Azərbaycan ordusunun peşəkarlığı, vətənpərvər əhval-ruhiyyə və beynəlxalq səviyyədə diplomatik dəstək sayəsində gerçəkləşdi. Azərbaycanın qələbəsini təmin edən bu faktorların sintezi, həm də müharibənin hər mərhələsində xüsusi əhəmiyyət kəsb edirdi.

Qarabağ savaşının nəticələri ilə bağlı hansı fikirləri söyləmək olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı Şair Ramaldanov bildirib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarının nəticəsi olaraq Ermənistan ordusunun darmadağın edilməsi və təxribatların qarşısının alınması təmin olundu. Bununla yanaşı, döyüş əməliyyatlarının gedişində təxminən 30 il işğal altında olan torpaqlar geri qaytarıldı və Azərbaycan xalqı üçün tarixi ədalət bərpa olundu:

“Azərbaycan Ordusunun bu əməliyyatlarda əldə etdiyi nailiyyətlər döyüş meydanında tətbiq olunan müasir hərbi strategiyalar və texnologiyalara əsaslanırdı. Hərbi əməliyyatlar zamanı çevik hücum taktikasından istifadə olunaraq işğalçı qüvvələr geri çəkilməyə məcbur edildi. Bu döyüşlərdə xüsusi təyinatlı qüvvələrin peşəkarlığı, PUA-ların istifadəsi və digər hərbi texnoloji nailiyyətlər Azərbaycan Ordusunun üstünlüyünü təmin etdi. Texnologiyaların tətbiqi hərbi əməliyyatlarda itkiləri minimuma endirdi və müharibənin gedişatına əhəmiyyətli təsir göstərdi”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanın işğaldan azad etdiyi torpaqların coğrafi vəziyyətinə və hərbi mövqelərin mürəkkəbliyinə baxmayaraq, hərbi qüvvələrimizin müvəffəqiyyəti əməliyyatların peşəkarlıqla aparıldığını nümayiş etdirir. Onun fikrincə, ordumuz Laçın dəhlizi, Şuşa və digər strateji məntəqələrin azad edilməsi zamanı mükəmməl döyüş taktikası nümayiş etdirdi. Xüsusilə Şuşanın azad olunması Qarabağ müharibəsinin dönüş nöqtəsi hesab olunur, çünki bu şəhərin strateji mövqeyi həm müharibənin gedişatını, həm də regionun gələcəyini müəyyən edən əsas faktorlardan biri idi.

Hərbi ekspert öz fikirlərini bölüşən zaman qeyd edib ki, Azərbaycan əsgərlərinin vətənpərvərlik ruhu da hərbi uğurlarda mühüm rol oynadı:

“İşğal altında olan əraziləri azad etməklə yanaşı, ordumuz hər bir döyüşçünün mənəvi məsuliyyət hissi ilə çıxış etməsi, xalq və dövlət üçün tarixi əhəmiyyət daşıyan bu prosesə öz töhfəsini verdi. Bu yüksək motivasiya həmçinin cəmiyyətdə ordunun nüfuzunu gücləndirir, əsgərlərə geniş dəstək verilməsinə səbəb olurdu”.

Şair Ramaldanov həmçinin diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra bölgədə qalan qanunsuz silahlı dəstələrin və terrorçu qrupların fəaliyyəti sabitliyi pozmaq məqsədi daşıyırdı. Mütəxəssis onu da vurğulayıb ki, Azərbaycan Ordusunun həyata keçirdiyi planlı və davamlı antiterror əməliyyatları nəticəsində bu qruplar tamamilə zərərsizləşdirildi. Bu əməliyyatlar Azərbaycanın hərbi qüdrətinin və beynəlxalq təcrübəyə əsaslanan strategiyaların səmərəli istifadəsinin bariz nümunəsi idi. Xüsusi Təyinatlı Qüvvələrin dəstəyilə həyata keçirilən əməliyyatlar zamanı qalıq terrorçu qüvvələrin mövqelərinə dəqiq zərbələr endirildi, onların hərbi texnikası məhv edildi və əməliyyatların gedişində terrorçu qrupların hərbi fəaliyyəti tamamilə dayandırıldı:

“Bu prosesin nəticəsində Azərbaycan Qarabağ ərazisində tam suverenliyini bərpa etməyi bacardı və mülki əhalinin təhlükəsizliyi təmin olundu. Antiterror əməliyyatları yalnız silahlı qrupların məhv edilməsini deyil, həm də müharibə sonrası dövrdə Qarabağda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsini hədəfləyirdi. Hərbi qüvvələrin yüksək peşəkarlıqla həyata keçirdiyi bu əməliyyatlar regionda sülhün qorunması üçün vacib bir addım oldu”,- ehtiyatda olan zabit əlavə edib.

Azərbaycanın Qarabağda həyata keçirdiyi döyüş əməliyyatları və antiterror tədbirlərnin beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdiyini və müxtəlif reaksiyalar doğurdunu deyən hərbçi bildirib ki, bir sıra ölkələr Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib və münaqişənin sülh yolu ilə həllinə dair çağırışlar edib. Xüsusən də Türkiyənin birmənalı dəstəyi, Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan strateji tərəfdaşlıq Qarabağ müharibəsi zamanı xüsusi əhəmiyyət kəsb edib. Ş.Ramaldanov Türkiyə rəhbərliyinin beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və müharibənin sonuna qədər bu dəstəyini davam etdirdiyini bəyan edib:

“Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar və antiterror tədbirləri nəticəsində Qarabağ ərazisində tam suverenlik bərpa olundu. Qarabağın işğaldan azad edilmiş ərazilərində sürətlə yenidənqurma işləri başlandı və dövlət bu ərazilərin iqtisadi və sosial inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa planları işğaldan azad olunmuş ərazilərin müasir infrastruktura malik olmasına, əhalinin təhlükəsiz şəraitdə öz torpaqlarına qayıtmasına şərait yaradır”.

Şair Ramaldanov: Azərbaycan Ordusu Qarabağda yalnız işğalçı qüvvələri məhv etməklə kifayətlənmədi

Son olaraq Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki nəzərə çatdırıb ki, bütün baş verən hadisələr Azərbaycanın strateji üstünlüyünün, hərbi qüdrətinin və xalqın birliyinin nəticəsidir.

“Azərbaycan Ordusu Qarabağda yalnız işğalçı qüvvələri məhv etməklə kifayətlənmədi, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadı. Hərbi əməliyyatların müvəffəqiyyətli nəticələri Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da gücləndirdi və Cənubi Qafqaz regionunda yeni bir geosiyasi reallıq yaratdı. Azərbaycanın bu tarixi qələbəsi yalnız hərbi-siyasi kontekstdə deyil, həm də regionun uzunmüddətli sabitliyi və inkişafı üçün əhəmiyyətli bir mərhələdir. Antiterror əməliyyatları nəticəsində terrorçu qrupların tamamilə zərərsizləşdirilməsi isə Azərbaycanın sülh və təhlükəsizlik siyasətinin uğurunu bir daha nümayiş etdirdi. Bu, həm də ölkənin beynəlxalq miqyasda mövqeyini möhkəmləndirdi və regionda sülhün qorunmasına töhfə verdi”,- Şair Ramaldanov fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

17 Oktyabr 2024