• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

“Böyük Qayıdış” bütövlükdə region üçün nəhəng bir hadisədir - Kərim Kərimli

LAYİHƏ

27 Sentyabr 2024 | 14:41

“Böyük Qayıdış” bütövlükdə region üçün nəhəng bir hadisədir - Kərim Kərimli

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

30 illik işğaldan azad olunan Qarabağımızda indi oranın öz sakinləri məskunlaşır. Qarabağlılar hissə-hissə öz yurd-yuvalarına dönürlər.

Şuşalı jurnalist Kərim Kərimli Şuşaya ilk köçənlərdəndir. Artıq bir neçə aydır ki, Kərimlilər Şuşadadır. Hətta bu günlərdə Kərim müəllim oğluna Xankəndidə toy da edib. İllər sonra Xankəndidə azərbaycanlı toyu oldu, “Vağzalı” çalındı...

Bakıvaxtı.az-ın müsahibi Kərim Kərimliylə “Böyük Qayıdış”dan, azad olunmuş ərazilərdə yaradılmış şəraitdin danışdıq.

Müsahibəni təqdim edirik:

- İki ildən artıqdır ki, “Böyük Qayıdış” prosesi başlayıb. Artıq azad olunmuş ərazilər öz sakinlərini qəbul edir. Proses necə təşkil olunub?

- “Böyük Qayıdış” prosesi barədə bunu deyə bilərəm ki, bu hadisənin özü təkcə bizim ölkəmiz üçün deyil, bütövlükdə region üçün çox irimiqyaslı nəhəng bir hadisədir. Çünki təxminən 30 il ərzində Azərbaycan respublikasının 20%-ni işğal altında saxlamış və dünyada xeyli güclü havadarları olan bir düşmənə qarşı mübarizə apararaq torpaqları tamamilə işğaldan azad etmək, sonra isə təxminən 1 milyon insanı 30 il kənarda qaldığı vətəninə qaytarmaq sadə bir proses deyil. Xüsusilə də o halda ki, həmin 1 milyon insanın doğma yurdu tamamilə dağıdılmış olsun. Ona görə də prosesin özü çox nəhəng bir prosesdir.

10 may 2024-cü ildə prezident İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə Şuşaya qayıtmış ilk 20 ailəyə yeni mənzillərin açarları verildi və bizim ailə də həmin ailələrdən biridir. Həmin günə qədər ötən müddət ərzində mən narazı idim. Açıq etiraf edirəm. Çox təkidlə yazılar yazırdım, statuslar paylaşırdım, dövlət başçısına məktubla müraciət edirdim və Şuşaya qaytarılmağımı tələb edirdim. Ancaq qayıdıb artıq məskunlaşandan sonra, hansı ki 5 aydır burada yaşayarıq və bu müddətdə mən anladım ki, bu proses heç də əvvəllər mənim təsəvvür etdiyim kimi sadə bir proses deyil.

Şuşaya qayıdandan sonra işğaldan azad olunmuş digər bölgələrə səfər etmək fürsətimiz oldu. Kəlbəcər və Ağdərədən başqa digər bölgələrimizdə - Füzulidə, Laçında, Qubadlıda, Zəngilanda, Xankəndidə, Xocalıda, Ağdamda, Cəbrayılda olmuşam. Laçını kənd-kənd gəzmişəm. Mənim düşüncəmə görə, olduqca böyük məbləğdə maliyyə tələb olunur. Heç nə nəyinsə üzərində, köhnədən qalmışın üzərində yaradılmır. Hər şey sıfırdan başlayır və yenisi yaradılır. Məsələn, Şuşanın timsalında göstərə bilərəm ki, bizim və qonşularımızın məskunlaşdığı 23 bina sıfırdan yaradılıb. Yəni əvvəldən həmin məhəllədə olan heç bir tikili bərpa edilməyib. Əvvəlki tikililər dağıdılmışdı və ermənilər tərəfindən dağıldılmış tikililərin yeri təmizlənərək düz torpaq üzərində yeni binaların bünövrəsi qazılıb, fundamenti qoyulub. 23 ədəd 3-4-5 mərtəbəli binalar tikilib. Təbii ki, bunlar müasir binalardır və hər cür şəraitlə təmin olunub. Müasirlikdən fərqlənən yeganə cəhəti odur ki, binaların zahiri görkəmi şəhərin arxitekturasına uyğunlaşdırılıb. Yəni sanki qədim binalardır. Eləcə də Şuşada tikilən digər tikililər. Hazırda Şuşada nəhəng bir xəstəxana tikilməkdədir ki, onun ilin sonuna və ya gələn ilin əvvəlinə təhvil verilməsi gözlənilir. Bu xəstəxana da tikilməyə sıfırdan başlanıb. Yəni bu tipli çox nümunələr sadalaya bilərəm. Şuşadakı məktəbi nümunə göstərə bilərəm ki, mənə elə gəlir o, Azərbaycanın ən gözəl məktəbidir. Həmin məktəb də 3 mərtəbəli nəhəng bir binadır və nəhəng binanın daxilində şagirdlərin təhsil alması üçün müasir elmin müxtəlif sahələrinə aid ayrı-ayrı kabinetlər mövcuddur. Bütün bunlar hamısı görülən işə diqqətin göstəricisidir. Ona görə də düşünürəm ki, bundan sonra “Böyük Qayıdış” prosesi daha da canlanacaq və getdikcə sürətlənərək daha çox kütləni əhatə edəcək.

-Uzun illərdən sonra doğma torpaqlarınıza qayıtmaq necə bir hissdir?

- Əslində bu suala cavab vermək bir qədər çətindir... Həm asandır, həm çətin. Asandır ona görə ki, bu hissləri yaşamışam. Çətindir ona görə ki, bu yaşadığın möhtəşəm hissləri adi sözlərlə ifadə etməyə istedadlı yazıçı qüdrəti lazımdır. Hesab edirəm ki, bu, çox böyük bir xoşbəxtlikdir və cənab Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti, şəhidlərimiz, qazilərimiz, veteranlarımız, bir yumruq kimi birləşərək torpağımızı azad etməyi bacaran bütün Azərbaycan xalqı bizim bu məsələdə daim minnətdar olacağımız ünvanlardır. Mən Şuşa şəhərindən çıxanda 28 yaşım var idi və 28 il yarımdan sonra Şuşa azad olundu. Ondan bir neçə il sonra, 32 il 2 gündən sonra mən Şuşaya qayıtdım. Bir yandan elə bilirsən ki, 100 ildir doğma yurdundan ayrı düşmüsən. Bir əsrdən çoxdur ki, çöllərdə, biyabanlarda, səhralarda yaşamısan, Vətənə əlin çatmayıb və indi hər şeyi - torpağı, daşı, evləri, ağacları, meyvələri, gülləri, havanı, buludları öpmək istəyirsən. Həm də yaşadıqca doğma yurd elə doğmalaşır ki, elə bilirsən oradan heç yerə getməmisən və ötən 32 il 2 günü burada yaşamısan. Su həmin sudur, torpaq həmin torpaqdır, daşlar həmin daşlardır. Hər şey həminkidir. Bir hissdə insanın bağrın basır ki, bu 30 il ərzində dünyanın sənə bəxş etdiyi bu misilsiz nemətlərdən sənin əvəzinə düşmən istifadə edib və vəhşicəsinə talayıb. Bizim torpaqlarımızda - Ağdamda, Füzulidə, Cəbrayılda salamat heçnə qalmayıb. Bütün bunları düşündükcə bir-birinə zidd olan, bəzi hallarda isə bir-biri ilə qucaqlaşan çox müxtəlif hisslər yaşanır. Bu insanı yenidən ruhlandırır, gələcəyə həvəsləndirir. Şuşada, doğma torpaqda əldən verdiyin bu 30 ili yenidən sürətlə və daha bir əzmkarlıqla yaşayaraq, çalışaraq əvəzini çıxmaq istəyirsən. Ümid edirəm Tanrı bizə bir qədər möhlət verər ki, bu həsrətini çəkdiyimiz doğma torpağımızda bir qədər yaşayaq, yaradaq və Şuşanın dirçəldilməsi prosesində iştirak edək.

-30 il sonra Xankəndində ilk toy sizin oğlunuzun toyu oldu. Təəssüratlarınız nələrdir?

- Çox maraqlı sualdır. Mənim Xankəndidə toy etmək arzum yeni deyil. Uzun müddət bu arzu qəlbimdə olub. Burada şəxsi motivlər də var, ictimai-siyasi motivlər də.. İctima-siyasi motivlər odur ki, xalqımızın tarixi şəxsiyyətlərindən biri olan I Qarabağ xanı Pənahəli xan Şuşa qalasını yaradandan sonra indiki Xankəndi şəhərinin yerində Xan bağı deyilən bir yer var idi və indiki böyük şəhər əslində xana aid olan kiçik bir kənd idi. Tarixi proseslər elə inkişaf etdi ki, Xankəndi böyüdü. Azərbaycan hökuməti də hər zaman Xankəndinə böyük diqqətlə yanaşıb, büdcədən kiyafət qədər maliyyə vəsaiti ayırıb. Sovet dövründə Xankəndi keçmiş SSRİ-də eyni statuslu muxtar bölgələrin ən yaxşı inkişaf etmişi, əhalisinin maddi rifahı da ən yaxşı olan yer idi. Ancaq separatçılar və işğalçılar Xankəndini bizim əlimizdən almışdılar. Mən ictimai-siyasi motiv ona görə deyirəm ki, xalqımız, ordumuz, Ali Baş Komandan Xankəndini işğaldan azad etdi və biz burada ilk toyu etdik. Bundan sonra Xankəndidə həmişə azərbaycanlı toyu olacaq. Şəxsi motivlər isə onunla bağlıdır ki, mən 1998-ci ilin avqust ayında Şuşanın işğalından 6 il 3 ay 22 gün sonra ilk dəfə ilk azərbaycanlı olaraq Qarabağa səfər etmişəm, Xocalıda, Xankəndidə və Şuşada olmuşam. Şuşada olanda ermənilərin tənəli sözlərinə cavab vermişəm, onların bizə qarşı danışdığı yalanları, böhtanları ifşa etmişəm. Orada dedim ki, “Siz çox da arxayın olmayın. Gün gələcək, Azərbaycan ordusu Xankəndini azad edəcək və biz Xankəndidə toy edəcəyik”.

 Düzdür, mən demirəm ki, oğlumun toyunu məhz buna görə elədik. Amma bu, həm də bir arzunun çin olması idi. Çox gözəl toy keçdi. Biz əvvəlcə Şuşa şəhərindən bəylə gəlini şadlıq evinə aparan karteclə birlikdə Şuşadakı Şəhidlər Xiyabanına getdik. Şəhidlər Xiyabanı yaranandan, ilk dəfə olaraq Şuşa şəhəri azad olunandan sonra həmin Şəhidlər Xiyabanına gül düzdük, şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdik. Bəylə gəlin şəhidlərin Cıdır düzü yaxınlığındakı məzarları önünə qərənfil düzdülər. Sonra Cıdır düzünə qalxdıq. Cıdır düzünü gəzdik. Orada vaxtı ilə Cıdır düzünü əlimizdən alıb, vəhşicəsinə tapdayan və bizə gözdağı etmək üçün orada rəqs edən düşmənlərin acığına musiqi səsləndirdik, rəqs elədik, yallı getdik. Sonra isə Xankəndinə getdik. Qərara almışdıq ki, Xankəndi daxilində bir dəfə fırlanıb şadlıq evinə gedəcəyik. Amma şəhərdə olan turistlər, qonaqlar, o qədər insan var idi ki, 1 dəfə fırlanıb gedə bilmədik. Bəylə gəlinin maşını qabaqda idi, biz arxada idik. Onları vətəndaşlar məcbur etdilər və onlar 3 dəfə fırlandılar, camaat rəqs elədi. Sonra nəhayət şadlıq evinə getdik. Bu, bir valideyn kimi həm mənim üçün, həm də hesab edirəm ki, yeni ailə quran gənclər üçün çox böyük və çox xoşbəxt bir hadisədir. Arzu edirik ki, bizim övladımızın arxasıyca Xankəndidə, Şuşada və işğaldan azad edilmiş digə bölgələrimizdə çox saylı toylar olsun. Azad Xənkəndidə və Şuşada toy etmək üçün bizim xahişimizi nəzərə alan bütün rəhbər şəxslərə ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Biz heç vaxt unutmayacayıq ki, Xankəndidə ilk toyu etmək üçün bizim ailəmizə şərait yaratdılar.

-Orada yaradılan şəraitlə, qayıdış prosesi ilə razısınızmı?

- Əgər siz hazırda bizim məskunlaşıb yaşamaqda olduğumuz Şuşa şəhərindəki mənzilimizi deyirsinizsə, təbii ki, razıyam. Mənzilimiz geniş, işıqlı 4 otaqdan ibarətdir. Hər cür şəraitimiz var. Bizim əlbəttə işğaldan əvvəldə Şuşada evlərimiz var idi. Amma biz uzun müddət arzulamışıq ki, quruca torpaqda gedib yaşayaq, kol dibində çadır quraq, ən şəraitsiz şəraitdə belə yaşayaq, təki Şuşa işğaldan azad olunsun. Şuşa işğaldan azad olundu və bizi ən şəraitsiz şəraitdə deyil, müasir standartlara uyğun tikilmiş evlərdə mənzillərlə təmin etdilər.

Qayıdışın ən əsas əlaməti odur ki, biz yüksək səviyyədə təşkil olunmuş nizam-intizamlı proses içərisində ləyaqətlə qayıtdıq. Siz çox gəncsiniz. Amma oxumuş, televiziyada baxmış olarsınız ki, o zaman qarabağlılar öz yurdlarından vəhşicəsinə qovulublar. İnsanların bir hissəsi öldürülüb, əsir-girov düşüb, Xocalıda genosid törədilib və insanlar yalnız canlarını, körpə uşaqlarını götürüb qaçırdılar. Yəni qaçış, deportasiya nə qədər ağır, əzablı, təhqiramiz olsa belə, geriyə qayıdış prosesi bir o qədər və ondan da qat-qat yüksək səviyyədə ləyaqətli təşkil olunub. İnsanlar öz yurdlarına ləyaqətlə qayıdır. Onlar hər cür şəraitlə təmin olunur və geri qayıdarkən yalnız sevincindən kövrələrək ağlayır. Ona görə, bu məsələdən narazı qalmaq heç ağlıma da gəlmir.

-Son olaraq ürək sözlərinizi eşitmək xoş olar...

- Bu gün sentyabrın 27-dir. 27 sentyabr Azərbaycan Respublikasında şəhidlərimizin Anım Günü kimi qeyd olunur. Bu, bir tarixi gündür və 2020-ci ilin 27 sentyabrında düşmənin Azərbaycana qarşı həyata keçirməyə başladığı genişmiqyaslı təribata qarşı Azərbaycan ordusu əks hücuma keçdi və bu əks hücum o qədər ildırım sürətli və yaxşı hazırlanmış əməliyyat oldu ki, 44 gün ərzində Azərbaycanın işğal altında olan torpaqlarının əksər hissəsi azad olundu. 2023-cü ilin 19 senytabrında cəmi 23 saatlıq anti-terror əməliyyatı nəticəsində isə ölkənin ərazi bütövlüyü tamamilə təmin olundu. Bu gün həmin 27 sentyabr günü Azərbaycanda Anım Günü kimi 44 gün ərzində və sonrakı antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş igid övladlarımızın əziz xatirəsini hər zaman hörmətlə yad etmək məqsədi ilə verilmiş bir qərardır. Mən də fürsətdən istifadə edərək əziz şəhidlərimizin xatirəsini sizinlə birlikdə yad edirəm və inanıram ki, onların xatirəsi heç zaman unudulmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR