• Bakı 12° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Çoxmədəniyyətli Azərbaycan: qədimdən bəri yaşayan birlik

LAYİHƏ

20 Sentyabr 2024 | 10:07

Çoxmədəniyyətli Azərbaycan: qədimdən bəri yaşayan birlik

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycanda multikulturalizmin inkişafı tarixi ölkənin coğrafi mövqeyi, sosial-mədəni müxtəlifliyi və dövlət siyasəti ilə sıx bağlıdır. Min illər boyunca Azərbaycan, müxtəlif mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşərək, müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşadığı bir məkan olmuşdur. Bu çoxmədəniyyətli mühitin kökləri qədim zamanlardan gəlir və müasir dövrdə bu dəyərlər dövlətin rəsmi siyasətinin bir hissəsinə çevrilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin VI çağırış deputatı Arzu Nağıyev bildirib ki, Azərbaycanda multikulturalizm anlayışı qədim tarixə dayanır:

“Ölkənin strateji coğrafi mövqeyi onu Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya kimi fərqli mədəniyyətlərin kəsişmə nöqtəsinə çevirib. Bu unikal yerləşmə tarixi boyunca Azərbaycanı çoxsaylı etnik və dini icmaların mərkəzinə çevirib. Burada fərqli mədəniyyətlər öz izlərini qoyub, Azərbaycanın milli kimliyinin formalaşmasına töhfə verib. Arxeoloji qazıntılar və tarixi mənbələr göstərir ki, bu torpaqlarda əsrlər boyu albanlar, zərdüştilər, yəhudilər, xristianlar və müsəlmanlar birgə yaşamış və öz mədəniyyətlərini qoruyub saxlamağa nail olublar. Xüsusilə Azərbaycanın İpək Yolu üzərində yerləşməsi bu çoxmədəniyyətli mühitin inkişafını sürətləndirib. Fərqli xalqlar, tacirlər və səyyahlar burada qarşılıqlı əlaqələr quraraq ticarət və mədəniyyət sahəsində bir-birinə təsir göstərib. Azərbaycanın multikultural mühiti məhz bu tarixi inteqrasiya proseslərindən bəhrələnərək formalaşmış və zənginləşib”.

Arzu Nağıyev qeyd edib ki, Azərbaycanın çoxmədəniyyətli mühiti Sovet İttifaqı dövründə də qorunub saxlanılsa da, bəzi təzyiqlərlə qarşılaşıb. Onun sözlərinə görə, sovet hakimiyyəti dövründə dövlətin milli siyasəti, bir çox hallarda dini və etnik müxtəlifliklərin üzərinə ideoloji təzyiqlər gətirirdi. Mədəniyyətlərarası birgəyaşayışa baxmayaraq Sovetlər müxtəlif mədəniyyətləri təbliğ etməkdən çox, sosialist idealogiyasına uyğun monolit bir mədəniyyət formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, Azərbaycan xalqının çoxmədəniyyətli dəyərləri bu dövrdə də tamamilə unudulmadı və bir çox etnik qruplar öz mədəniyyətlərini qorumağa davam etdilər.

Müsahibimiz multikultural dəyərlərin müstəqillik dövründək inkişafından da söz açıb:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra multikulturalizm dövlət siyasətinin mühüm bir hissəsinə çevrildi. Ümummilli lider Heydər Əliyev multikulturalizmin önəmini vurğulayaraq bu siyasəti ölkənin inkişaf strategiyasına daxil etmişdir. Heydər Əliyev Azərbaycanı “müxtəlif xalqların doğma yurdu” kimi xarakterizə etmiş və bu xalqların sərbəst şəkildə yaşayıb, öz mədəniyyətlərini ifadə etdiklərini dəfələrlə bəyan etmişdir. Bu dövrdə Azərbaycanın multikulturalizm siyasəti dövlətin müxtəlif səviyyələrində dəstəklənmiş və inkişaf etdirilmişdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında multikulturalizm siyasəti daha da gücləndirilmişdir. Müxtəlif dini icmaların sərbəst fəaliyyət göstərməsi, etnik və dini müxtəlifliyə hörmətin artırılması və qorunması bu siyasətin əsas istiqamətlərindəndir. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dini qrupların nümayəndələri sərbəst şəkildə öz dini ayinlərini icra edir və dövlət tərəfindən dəstək görürlər. Dövlətin qəbul etdiyi qanunlar və həyata keçirilən proqramlar multikulturalizm ənənələrinin qorunmasına və inkişafına xidmət edir”.

Arzu Nağıyev: Multikulturalizm dövlət siyasətinin mühüm bir hissəsinə çevrilib

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda multikulturalizmin təbliği yalnız ölkə daxilində məhdudlaşmır:

“Bu siyasət eyni zamanda beynəlxalq arenada geniş təbliğ olunur. Azərbaycan BMT, UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə öz multikulturalizm modelini təqdim edir. Bakı Qlobal Forumları və dinlərarası, sivilizasiyalararası dialoqlara həsr olunan beynəlxalq tədbirlər Azərbaycanın bu sahədə oynadığı lider rolunu daha da gücləndirir. Azərbaycan xüsusilə mədəniyyətlərarası dialoqun genişləndirilməsi və multikultural dəyərlərin qorunması ilə bağlı dünya ictimaiyyətinə mesajlarını çatdırır. Bu sahədə keçirilən beynəlxalq konfranslar və forumlar Azərbaycanın çoxmədəniyyətli siyasətinin beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayır”.

Gələcək perspektivlərdən söz açan Arzu Nağıyev deyib ki, multikulturalizmin Azərbaycanda inkişafı yalnız tarixi bir proses deyil, eyni zamanda ölkənin sosial və mədəni gələcəyini formalaşdıran mühüm məsələdir:

“Müxtəlif mədəniyyətlərin birgə yaşaması, qarşılıqlı hörmət və əməkdaşlıq multikultural siyasətin əsas prinsiplərini təşkil edir. Gələcəkdə Azərbaycanın daha böyük multikultural mərkəzə çevrilməsi və bu dəyərlərin regionda və beynəlxalq səviyyədə daha geniş yayılması gözlənilir. Bu baxımdan, Azərbaycanın çoxmədəniyyətli modelinin daha da inkişaf etdirilməsi və dünya ölkələrinə nümunə olaraq təqdim edilməsi ölkənin qlobal səviyyədə rolunu artıracaqdır. Multikulturalizm siyasəti yalnız sülhün və qarşılıqlı anlaşmanın təminatçısı deyil, həm də ölkənin daxili və xarici siyasətinin mühüm tərkib hissəsidir”.

Son olaraq A.Nağıyev qeyd edib ki, multikulturalizm siyasətinin davamlı olması Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm elementlərindən biridir. O vurğulayıb ki, ölkəmizdə multikulturalizm dəyərlərinə daha çox diqqət ayrılması təkcə tarixi ənənələrin qorunması deyil, həm də cəmiyyətin sabit və dayanıqlı inkişafının təmin edilməsi baxımından vacibdir. Multikulturalizm müxtəlif etnik və dini qrupların harmoniya içində yaşamasını təmin edərək cəmiyyətdə qarşılıqlı hörmət və əməkdaşlıq mühitini gücləndirir. Bu proses yalnız mədəni irsin qorunmasına xidmət etmir, eyni zamanda sosial ədalətin və cəmiyyətin rifahının təməl prinsiplərindən birini təşkil edir:

“Gələcəkdə bu prosesin daha da genişlənməsi və Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində lider mövqeyini möhkəmləndirməsi gözlənilir. Azərbaycanın multikulturalizm dəyərləri əsasında dünya səviyyəsində dialoqun inkişafına verdiyi töhfə ölkənin qlobal arenada rolunu artırmağa davam edəcək. Bu baxımdan multikulturalizm siyasətinin gücləndirilməsi və bu dəyərlərin yeni nəsillərə ötürülməsi, Azərbaycanın həm daxili, həm də xarici siyasətinin vacib tərkib hissəsi olaraq qalacaq”, - Arzu Nağıyev əlavə edib.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

14 Noyabr 2024