• Bakı 10° C

    10.65 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.6346

COP29 iştirakçıları Azərbaycanın adət-ənənələrinə məftun oldular - VİDEO

LAYİHƏ

23 Noyabr 2024 | 10:49

COP29 iştirakçıları Azərbaycanın adət-ənənələrinə məftun oldular - VİDEO

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox önəmli bir hadisədir.

Dünyəvi tədbir olan COP29 bütün dövlətlərin imkanlarını birləşdirən bir platformadır və dövlətimizin müxtəlif paytaxtlarla peşəkar səviyyədə işləmək bacarığını nümayiş etdirib.

Bu beynəlxalq tədbir həmçinin Azərbaycanın adət-ənənələrinin, dövlətçilik tarixinin, elm və mədəniyyətinin təbliğ olunması, dünyaya çatdırılması baxımından böyük bir önəmə sahibdir ki, Azərbaycan bunun öhdəsindən çox məharətlə gəldi.

COP29-un açılış mərasimində 80 ölkənin prezidenti, baş naziri və digər rəsmi şəxslərin qarşısında Xalq artisti, xanəndə Alim Qasımov və balaban ifaçısı Əlixan Səmədovun ifasında səsləndirilən “Sarı gəlin” mahnısı bir daha bu musiqinin Azərbaycana məxsus olduğunu sübut etdi və alqışlarla qarşılandı.

Həmçinin yaşıl zonada nümayiş etdirilən və Azərbaycanı təmsil edən dəyərlərimiz ölkəmizə gələn qonaqları valeh edib, onlarda böyük maraq doğurub.

Milli təamlarımız, xalça toxuculuğu, dulusçuluq işləri, xınayla naxışqoyma, yun didilməsi, toxuculuq kimi ənənələrimiz həm yerli, həm də xarici nümayəndələrin diqqətini çəkib.

COP29-da yaxından iştirak edənlər Azərbaycanın milli adət-ənənələrinin, dövlətçilik tarixinin təbliğinin çox yüksək səviyyədə olduğunu söyləyiblər.

Tural İsmayılov: COP29 Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması üçün vacib bir platformadır

Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov COP29-un Azərbaycan üçün çox vacib bir əhəmiyyətə malik olduğunu bildirərək qeyd edib ki, COP29 təkcə iqlim tədbiri deyil, həm də Azərbaycanın resurslarının və imkanlarının geniş təqdimatına şərait yaradan beynəlxalq tədbirdir.

T.İsmayılov nəzərə çatdırıb ki, COP29-da Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyəti geniş təbliğ olunur. Onun sözlərinə görə, həm COP29-un mavi və yaşıl zonalarındakı Azərbaycanın maddi, mədəni irs nümunələrinə aid vizual qrafiklər, görüntülər, heykəllər, həm də eyni zamanda Azərbaycanı təbliğ edən çoxsaylı görüntülər ölkəmizin təbliğatı baxımından çox önəmlidir:

“Təbii ki, COP29-da ölkəmizə dünyanın tam fərqli coğrafiyalarından saysız xarici qonaqlar təşrif buyurublar ki, bu qonaqların içərisində siyasət adamları, elm adamları, tədqiqatçılar və vacib insanlar mövcuddur. Onların Azərbaycana gəlməsi, ölkəmizin ev sahibliyi etdiyi bu önəmli qlobal tədbirdə iştirak etməsi həm də Azərbaycanın milli maraqlarının geniş təbliği baxımından bizim üçün müstəsna əhəmiyyətə malikdir”.

Müsahibimiz onu da vurğulayıb ki, COP29 tədbirləri təkcə böyük beynəlxalq tədbir deyil, həm də Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması üçün vacib bir platformadır.

T.İsmayılov qeyd edib ki, Azərbaycan təkcə COP29-a ev sahiblik etmədi, həmçinin ölkəmiz geniş qlobal təşəbbüslərlə çıxış etdi və necə böyük bir dövlət olduğunu, dünyadakı proseslərə necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi.

Banqladeşli jurnalist İsrafil Hawladar: Azərbaycanın qonaqpərvərliyi bizi cəlb etdi

Banqladeşli jurnalist İsrafil Hawladar Bakıvaxtı.az-la söhbətində söyləyib ki, Azərbaycanın adət-ənənələrini görmək onun üçün çox xoş olub və adətlərimiz çox fərqlənsə də ölkəmizdə doğmalıq hiss edirlər:

“Ölkənizin qonaqpərvərliyi, diqqətpərəstliyi bizi cəlb edir. Düşünürəm ki, sizin rəqsləriniz və yeməkləriniz bizim üçün daha çox maraqlı olub. Fəxr hissi ilə deyə bilərəm ki, COP29 tədbirində iştirakım müddətində Azərbaycanda oldum. Burada insanların mənə münasibəti heç yad deyildi. Vətəninizin dilbər guşələrini gəzmək istərdim, təəssüf ki, vaxtımız kifayət edən qədər gəzə bildik”.

Kamboca nümayəndə heyətinin üzvü Ahmed Habee Kamartun: Azərbaycanı çox sevdim

Kamboca nümayəndə heyətinin üzvü Ahmed Habee Kamartun da Bakıvaxtı.az-la öz düşüncələrini bölüşüb.

O da ölkəmizin adət-ənənələrinin gözoxşayan olduğunu bildirib, Azərbaycanı çox sevdiyini nəzərə çatdırıb və əsasən rəqslərimizə vurğunluğunu qeyd edib:

“Mən Azərbaycanın qədimliyi və gözoxşayanlığını daim sosial mediada görmüşəm. Bu gün çox xoşbəxtəm ki, buradayam. Xüsusilə sizin “Heyratı” rəqsinizi çox bəyənir və təqdir edirəm. İncə rəqs ənənələriniz var. Musiqiləriniz də gözəldir. Xüsusilə muğamı çox bəyənirəm. Restoranlarınızda səslənəm musiqilər ruhumu oxşayıb”.

Türkiyəli jurnalist Mehmet Gürel: Azərbaycanın sivilizasiyaları və ənənələri bizim üçün maraq doğrurur

Türkiyəli jurnalist Mehmet Gürelsaytımıza verdiyi açıqlamada ölkəmizin adətlərini, musiqilərini bəyəndiyini və burada olmaqdan çox məmnun olduğunu deyib:

“Azərbaycan qədim ölkədir. Bu ölkənin sivilizasiyaları və ənənələri bizim üçün maraq doğrurur. Sizin pop musiqiləriniz də milli zəmindədir. Adətlərinizi bəyənərik. Müasirlik və ciddiliyin vəhdəti olan Azərbaycanda olmaq bizim üçün xoş oldu. Çox yaxşı qarşılandıq”.

Mərakeşli jurnalist Mahdi Sudaan Ghuraesh: Azərbaycanın adətlərinə, milli dəyərlərinə məftun oldum

Mərakeşli jurnalist Mahdi Sudaan Ghuraesh də Azərbaycan haqqında öz təəssüratlarını Bakıvaxtı.az-a bildirib. O bizim adətlərimizə, milli dəyərlərimizə məftun olduğunu diqqətə çatdırıb:

“Azərbaycan xalqının adət-ənənələri min illər ərzində formalaşıb. Coğrafi mövqeyiniz, müxtəlif sivilizasiyalarla əlaqələriniz, eyni zamanda islam dininin təsiri xalqınızın mədəniyyətinə dərin iz qoyub. Ənənələriniz həm dini, həm də dünyəvi dəyərlərə əsaslanır və bu gün də yaşadılır. Qonaqpərvərlik Azərbaycan xalqının ən əsas xüsusiyyətlərindən biridir. Qonaq evə Allah qonağı kimi qəbul edilir. Hər zaman qonağa süfrə açılır və ən yaxşı yeməklər təqdim edilir. Bu adət xalqınızın həm insani, həm də milli dəyərlərinin təzahürüdür”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Noyabr 2024