• Bakı 12° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Paşinyandan seçkiöncəsi ifşa: Qarabağ sənədləri hakimiyyət-müxalifət qarşıdurmasını alovlandırdı

SİYASƏT

05 Dekabr 2025 | 17:08

Paşinyandan seçkiöncəsi ifşa: Qarabağ sənədləri hakimiyyət-müxalifət qarşıdurmasını alovlandırdı

Bir neçə gün öncə Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

Bakıvaxtı.az-ın məlumatına görə, ümumilikdə 13 fayldan ibarət olan sənəddə 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər yer alıb.

Maraqlıdır ki, bu sənədlər danışıqlar prosesində hansı yeniliyə işarə ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, sənədin 13 fayldan ibarət olması sülh danışıqları ilə bilavasitə əlaqəli olan hadisə deyil. Bu, daxili mübarizənin doğurduğu konkret siyasi nəticədir:

"Məlumdur ki, 2026-cı il parlament seçkilərinə çox ciddi hazırlıq gedir. Bir tərəfdə başda kilsə olmaqla, Rusiyanın müdafiə etdiyi müxalif revanişt qüvvələri hakmiyyətə açıq şəkildə müharibə elan ediblər. Rusiya bu il Moldovada biabırçı şəkildə məğlubiyyətini məhz Ermənistanda kompensasiya etmək istəyir. Çünki bu, Rusiya üçün müəyyən mənada geosiyasi maraqlarının yenidən bərpa olunması və ya bu coğrafiyadan birdəfəlik sıxışdırılmasının qarşısını alacaq. Yəni, Ermənistandakı parlament seçkiləri sıradan bir hadisə olmayacaq. Ona görə də Rusiya prosesə çox həssaslıqla yanaşır və Ermənistan siyasi müstəvisində informasiya sahəsində çox ciddi dezinformasiyalar dövriyyəyə buraxılır. Bu dezinformasiyaların böyük əksəriyyəti hakimiyyəti ittiham edən yalançı məlumatlardır".

Natiq Miri: Seçkilərə qədər bu cür ifşaedici bir çox hadisələr yaşanacaq

Politoloqun fikrincə, bu siyasi mübarizənin tərkib elementlərindən biri prosesin həqiqi üzünü ortalığa çıxarmaq üçün ifşa prosesidir. Yəni, 13 faylın dərc olunması bir növ ifşa prosesidir. Bu addımla erməni cəmiyyətinə gerçəkdə hansı hadisələrin yaşandığı açıq şəkildə təqdim olunur. Təbii ki, bu illər ərzində dövləti idarə edən və bilavasitə Ermənistanın bütün suveren hüquqlarını Rusiyaya təslim edən riyakarları və rus kölələrini cəmiyyətdə ifşa etmək istəyirlər. Bu kontekstdə Sarkisyanın 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktub da ifşa olunub.

"Sənədin dərc olunmasının əsas məqsədlərindən biri Ermənistanın əvvəlki üç prezidentlərinin kimliyi, onların kimə xidmət etdiyi və Ermənistanın müstəqil bir dövlət deyil, Rusiyanın bir əyaləti olduğunu sübut etməkdən ibarətdir. Ermənistan suveren dövlət olsaydı, ölkənin problemləri başqa bir ölkənin dövlət başçısı ilə həll olunmazdı. Bundan başqa, sənədin dərci ilə erməni cəmiyyətinə Qarabağ probleminin süni yaradıldığı və Ermənistanı daim təzyiq altında saxlamaq üçün olduğu sübut olunur. Çünki Qarabağ məsələsi həll olunmaz vəziyyətdə qaldıqca Ermənistan və Azərbaycana qarşı təzyiq aləti kimi düşünülürdü. Bu problemi ifşa etməklə, erməni xalqına əvvəlki prezidentlərin iç üzü ifşa olunub", - deyə müsahibimiz əlavə edib.

N.Miri qeyd edib ki, 2026-cı ilin parlament seçkilərinə qədər bu cür ifşaedici bir çox hadisələr yaşanacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR