Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad arasında baş tutmuş görüş son aylarda xeyli gərginləşmiş ikitərəfli münasibətlər fonunda diqqət çəkən diplomatik hadisə hesab olunur.
Parisin Ermənistanı açıq şəkildə silahlandırması, Fransa parlamenti və siyasi dairələrinin Azərbaycana yönəlik tənqidi ritorikası, eləcə də regiondakı dəyişən geosiyasi düzən dialoqu mürəkkəbləşdirirdi. Buna baxmayaraq, Vyana görüşü göstərdi ki, tərəflər ən azı kommunikasiya kanallarını tam bağlamaq niyyətində deyillər. Bu, həm regional proseslərin idarə olunması, həm də Avropa ilə əlaqələrin minimum səviyyədə qorunması baxımından vacibdir.
Baş tutan görüşün mahiyyəti və onun mümkün nəticələri ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, görüşün əsas gündəliyini Azərbaycan-Ermənistan normallaşma prosesi təşkil edib. Azərbaycan tərəfi Fransanın Ermənistana silah tədarükünün bölgədə hərbi balansı pozduğunu və sülh prosesinə zərər vurduğunu qarşı tərəfin diqqətinə çatdırıb:
“Sərhəd delimitasiyası, kommunikasiyaların açılması və sülh sazişi üzrə danışıqların mövcud vəziyyəti haqda məlumat verilib. Paris isə regiondakı vəziyyət barədə birbaşa məlumat almağa və öz mövqeyini aktual geosiyasi proseslərə uyğunlaşdırmağa çalışıb. Tərəflər ATƏT çərçivəsində işlək dialoq mexanizmlərinin saxlanmasının vacibliyini vurğulayıb. Ümumilikdə, müzakirələr mövqelərin açıq şəkildə ifadəsinə və gələcək diplomatik addımların qiymətləndirilməsinə yönəlib”.
Hazırkı mərhələdə Azərbaycan–Fransa münasibətlərini dəyərləndirən politoloq deyib ki, münasibətlər açıq şəkildə gərgin, lakin qopma həddində olmayan vəziyyətdədir. Onun sözlərinə görə, Parisin Ermənistanı silahlandırması və siyasi institutlarının anti-Azərbaycan mövqeyi ikitərəfli etimadı minimuma endirib:
“Bakı Fransanı bölgədə balanslı mövqedən uzaqlaşmaqda günahlandırır və bunun regionda təhlükəsizliyə zidd olduğunu düşünür. Bununla belə, diplomatik əlaqələrin tam dayanması istisna edilmir və tərəflər hələ də müəyyən dialoq imkanlarını qoruyur. Ekonomik sahələrdə tam bağlanmış əməkdaşlıq yoxdur və bəzi texniki formatlar davam edir. Münasibətlərin normallaşması isə yalnız Fransanın regional siyasətində ton dəyişməsi ilə real görünə bilər”.
Gələcəkdə iki ölkə arasında əməkdaşlıq hansı sahələrdə mümkün ola biləcəyinə gəlincə, Z.Qarayeva bildirib ki, siyasi sahədə böyük irəliləyiş gözlənilməsə də, iqtisadi və texniki istiqamətlərdə müəyyən əməkdaşlıq ehtimalı qalır. Dediyinə görə, Fransa şirkətlərinin Azərbaycandakı enerji və sənaye layihələri hələ də aktivdir və bu istiqamət kritik siyasi gərginliklərə baxmayaraq dondurulmayıb. Avropa İttifaqının enerji təhlükəsizliyi gündəliyi Paris-Bakı əlaqələrinin tam kəsilməsini praktiki olaraq mümkünsüz edir. Müsahibimiz qeyd edib ki, mədəniyyət, təhsil və humanitar sahələr isə ən sabit əməkdaşlıq platformaları olaraq qalır. Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq real deyil, çünki Paris regionda açıq şəkildə bir tərəfi-Ermənistanı dəstəkləyir. Gələcək əməkdaşlıq yalnız apolitik və texnoloji sahələrdə mümkün görünür.
“Bu görüşün regional siyasi proseslərə mümkün təsiri nədən ibarət ola bilər” sualını cavablandıran həmsöhbətimizə görə, Vyana görüşü göstərdi ki, Qərb bölgədə proseslərdən tam kənarda qalmaq niyyətində deyil və diplomatik kanallarını açıq saxlamaqda maraqlıdır. Azərbaycan isə bu cür görüşlər vasitəsilə həm öz mövqeyini izah edir, həm də Fransanın potensial destruktiv addımlarını yumşaltmağa çalışır.
“Bu dialoq Ermənistan üçün də mesaj xarakteri daşıyır: Bakı Qərblə normal təmaslardan qaçmır və prosesin idarəetməsində aktiv aktor olaraq qalır. Eyni zamanda, görüş sülh prosesinə dolayı təsir göstərə bilər, çünki Fransa mövqeyinin sərtliyini azaltmasa, proses yenidən ləngiyə bilər. Tərəflərin bu təhlükəni dərk etməsi dialoqu davam etdirməyə məcbur edir. Nəticədə görüş qısa müddətdə dəyişiklik yaratmasa da, uzunmüddətli diplomatik davranışı formalaşdıran amillərdən biri kimi qiymətləndirilə bilər”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
Bakı 



