• Bakı 16° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Azərbaycanda imtahanlar onlayn olacaq?

CƏMİYYƏT

19 May 2026 | 14:14

Azərbaycanda imtahanlar onlayn olacaq?

Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbul imtahanının II cəhdi üzrə təkrar imtahan keçirməsi ilə bağlı qərarı ictimai müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xatırladır ki, mayın 17-də hava şəraitinin əlverişsiz olması səbəbindən bəzi abituriyentlərin imtahana gecikməsi və yaranan təşkilati çətinliklər fonunda prosesin gələcəkdə distant və ya onlayn formatda keçirilməsi ehtimalı gündəmə gətirilir. Bu istiqamətdə rəqəmsal imtahan mexanizmlərinin tətbiqi və regionlarda elektron imtahan infrastrukturunun genişləndirilməsi kimi variantlar da müzakirə predmetinə çevrilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Vüsət Əzizov deyib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanları hazırda kağız daşıyıcılar vasitəsilə həyata keçirilir:

"Lakin gələcəkdə bu imtahanların DİM-in Elektron İmtahanlar Korpusunda kompüterlər vasitəsilə keçirilməsi nəzərdə tutula bilər. Eyni zamanda, regionlarda DİM-in regional mərkəzləri və Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan imtahan mərkəzləri də bu məqsədlə istifadə oluna bilər".

Vüsət Əzizov: Bu sistemin tətbiqi üçün güclü təhlükəsizlik infrastrukturu zəruridir

Onun sözlərinə görə, hazırkı mərhələdə magistratura imtahanlarının onlayn və ya distant formatda keçirilməsi nəzərdə tutulmur:

"Bunun səbəbi xüsusi proqram təminatı, proktorinq sistemləri, kamera nəzarəti, şəxsiyyətin rəqəmsal təsdiqi, brauzerin kilidlənməsi kimi texniki həllərin tələb olunmasıdır. Pandemiya dövründə bir sıra ölkələrdə bu modellər tətbiq edilsə də, kənar müdaxilələrin qarşısının alınması və təhlükəsizlik məsələləri əlavə nəzarət mexanizmləri tələb edir".

Vüsət Əzizov onu da vurğulayıb ki, bu sistemin tətbiqi üçün həm də qanunvericilikdə dəyişikliklər, geniş texniki hazırlıq və güclü təhlükəsizlik infrastrukturu zəruridir:

"Buna görə də hazırkı şəraitdə ən uyğun variant kağız daşıyıcılar üzərində imtahanların keçirilməsidir. Bununla yanaşı, yaxın gələcəkdə imtahanların mərhələli şəkildə elektron formatda, kompüterlər vasitəsilə keçirilməsi istiqamətində işlərin görülməsi gözlənilir. Lakin distant və ya onlayn formatda magistratura imtahanlarının keçirilməsi hazırda planlaşdırılmır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026