• Bakı 13° C

    7.29 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Azərbaycanın balanslı siyasəti: Humanitar yardım və neytral mövqe

SİYASƏT

07 Aprel 2026 | 13:32

Azərbaycanın balanslı siyasəti: Humanitar yardım və neytral mövqe

ABŞ, İsrail və İran arasında artan gərginlik fonunda region ölkələrinin tutduğu mövqe xüsusi diqqət mərkəzinə çevrilib. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın atdığı addımlar, xüsusilə İrana humanitar yardım göstərməsi və paralel olaraq sərgilədiyi balanslı siyasət müxtəlif ekspert müzakirələrinə səbəb olur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, ABŞ, İsrail və İran arasında qarşıdurmanın kəskinləşdiyi bir mərhələdə Azərbaycanın İrana humanitar yardım göstərməsi ölkənin əvvəlki mövqeyindən fərqlənmir. Azərbaycan hər zaman olduğu kimi bu dəfə də beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq hərəkət edir. Rəsmi Bakı istənilən dövlətin digər dövlətin daxili işlərinə müdaxiləsini, ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının pozulmasını qəbul etmir və daim buna qarşı çıxıb:

"Azərbaycan Yaxın Şərq məsələlərində, xüsusilə İsrail-Fələstin münaqişəsində də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq iki dövlət prinsipini dəstəkləyib və 1967-ci ildən əvvəlki sərhədlərə qayıdılmasının tərəfdarı olub. Bu mövqe illərdir dəyişməz qalır".

Müsahibimiz bildirib ki, hazırkı ABŞ-İsrail-İran qarşıdurmasının ilk günlərində İran ərazisindən Azərbaycana qarşı dron hücumları və Naxçıvanda partlayış hadisəsi baş verdikdən sonra Azərbaycan buna sərt reaksiya verdi. Azərbaycan prinsipial olaraq müharibənin əleyhinədir və yalnız öz ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı İkinci Qarabağ müharibəsini ədalətli hesab edir:

"Bu gün İran ətrafında baş verən hadisələr göstərir ki, tərəflər arasında mövcud problemlərin həlli üçün diplomatik və siyasi alternativlər mövcud idi. Danışıqlar prosesi davam etsə də, sonradan pozuldu və regionda genişmiqyaslı gərginlik yarandı.

Buna baxmayaraq, Azərbaycan həm şimalında, həm də cənubunda münaqişələrin getdiyi bir şəraitdə Cənubi Qafqazda sabitliyi qorumağa çalışır və müharibənin regiona yayılmaması üçün səylərini davam etdirir. Bu yanaşma Azərbaycanın həm ABŞ-İsrail-İran qarşıdurmasına, həm də Rusiya-Ukrayna müharibəsinə münasibətdə sərgilədiyi ümumi mövqeyin əsasını təşkil edir".

X.Bəşirov qeyd edib ki, Azərbaycan bu məsələdə Türkiyə ilə oxşar mövqe nümayiş etdirərək münaqişənin genişlənməsinin qarşısının alınmasına çalışır. Eyni zamanda, Körfəz ölkələri də oxşar yanaşma sərgiləyir. Bununla belə, regionda yerləşən ABŞ hərbi bazalarının və obyektlərinin İran tərəfindən hədəfə alınması münaqişənin miqyasını daha da genişləndirir:

"Bəzi tərəflər bu prosesi “əməliyyat” adlandırsa da, faktiki olaraq həm şimalda, həm də cənubda genişmiqyaslı müharibə gedir və bu, beynəlxalq ictimaiyyət tərəfindən də açıq şəkildə müşahidə olunur.

Qərb ölkələri ilə münasibətlər kontekstində isə Azərbaycan hesab edir ki, 30 ilə yaxın müddətdə ərazi bütövlüyü məsələsində bu dövlətlər tərəfindən ədalətli mövqe nümayiş etdirilməyib. Bu səbəbdən də Azərbaycanın hazırkı siyasəti ilə bağlı mümkün ittihamlar rəsmi Bakı üçün ciddi əhəmiyyət kəsb etmir".

Xəyal Bəşirov: Rəsmi Bakı öz addımları ilə İran əleyhinə hər hansı fəaliyyətin tərkib hissəsi olmadığını göstərdi

Azərbaycan-İran münasibətlərinə gəldikdə, ekspert bildirib ki, rəsmi Bakı öz addımları ilə İran əleyhinə hər hansı fəaliyyətin tərkib hissəsi olmadığını göstərdi. Bu mövqe həm əvvəlki 12 günlük qarşıdurma zamanı, həm də hazırkı prosesdə aydın şəkildə ortaya qoyuldu:

"Naxçıvana edilən hücumlara baxmayaraq, Azərbaycan İrana ilk humanitar yardım göstərən ölkələrdən biri oldu. Bundan əlavə, Azərbaycan öz ərazisini humanitar dəhliz kimi istifadə edərək müxtəlif ölkələrin diplomatlarının və mülki şəxslərinin təhlükəsiz şəkildə təxliyəsinə şərait yaratdı".

Müsahibimizin sözlərinə görə, Azərbaycan Rusiya tərəfindən İrana göndərilən humanitar yardımların tranziti üçün də öz ərazisini açdı. Bu addımlar təkcə humanitar deyil, həm də diplomatik baxımdan əhəmiyyətli rol oynadı və bəzi dövlətlərlə İran arasında mümkün gərginliyin qarşısını aldı:

"İran rəsmiləri tərəfindən Azərbaycana təşəkkürlərin ifadə olunması da bu mövqeyin müsbət qiymətləndirildiyini göstərir. Gözləntilərə görə, bu proses gələcəkdə iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına təsir göstərə bilər.

Ümumilikdə, Azərbaycan bu mürəkkəb geosiyasi şəraitdə balanslı, neytral və beynəlxalq hüquqa əsaslanan siyasətini qoruyur və bu mövqedən geri çəkilmir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR