Azərbaycanla İtaliya arasında formalaşan hərbi-texniki əməkdaşlıq yeni mərhələ kimi qiymətləndirilir və bu istiqamətin inkişafı tərəflər arasında strateji əlaqələrin dərinləşdiyini göstərir. Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata açıqlamalar zamanı bu əməkdaşlığın perspektivlərini xüsusi vurğulayıb.
Mövcud yanaşmaya əsasən, birgə layihələrin icrası, istehsal sahəsində əməkdaşlıq və İtaliya texnologiyalarının Azərbaycan maliyyə resursları ilə uzlaşdırılması kimi istiqamətlər müzakirə olunur. Bu isə yalnız siyasi dialoqun deyil, həm də praktiki iqtisadi və sənaye əməkdaşlığının genişlənməsinə şərait yaradır.
Qeyd edək ki, aprelin 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə İtaliyaya səfər edib və italiyalı həmkarı Guido Crosetto ilə görüş keçirib. Görüşdə hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.
Mövzunu Bakıvaxtı.az-a şərh edən hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Cəlil Xəlilov isə hesab edir ki, bu əməkdaşlıq yeni formalaşsa da, gələcək üçün ciddi perspektivlər vəd edir və iki ölkə arasında müdafiə sənayesi sahəsində qarşılıqlı maraqları gücləndirə bilər.
Hərbi ekspert vurğulayıb ki, bununla yanaşı, iki ölkə arasında birgə hərbi istehsalın yaradılması və birgə hərbi sənaye sahəsinin formalaşması ehtimalı da mövcuddur və bu ehtimal kifayət qədər real görünür.

Cəlil Xəlilov, ehtiyatda olan polkovnik
Onun sözlərinə görə, həm İtaliya, həm də Azərbaycan hərbi sənaye kompleksi son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. İtaliyanın bu sahədə daha uzun tarixi təcrübəyə malik olması onun mühüm texnoloji üstünlüklər əldə etməsinə imkan yaradıb. Azərbaycan isə xüsusilə 44 günlük Vətən müharibəsindən sonra hərbi sənaye sahəsində ciddi irəliləyişə nail olub və yerli istehsal imkanlarını genişləndirib. Bunun nəticəsində Azərbaycan hərbi sənayesinin məhsulları artıq bir sıra ölkələrə ixrac olunur, eyni zamanda müharibə zamanı istifadə edilən yerli silah və texnikalar döyüş şəraitində effektivliyini göstərib.
Cəlil Xəlilov mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ciorcia Meloni arasında keçirilən mətbuata bəyanatlara da diqqət çəkib. O bildirib ki, həmin çıxışlarda iki ölkə arasında hərbi tərəfdaşlığın genişləndirilməsi və birgə istehsal məsələləri xüsusi qeyd olunub, İtaliya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi ideyası gündəmə gətirilib.
Ekspertin fikrincə, bu yanaşmalar Azərbaycan–İtaliya hərbi əməkdaşlığının daha praktik mərhələyə keçdiyini göstərir və yaxın perspektivdə birgə hərbi sənaye layihələrinin reallaşması ehtimalını xeyli artırır.
Aydın Baxış
Bakı 




