“Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib. O qeyd edib ki, bununla da vətəndaşların olduğu yeri tərk etmədən, vaxt itkisi olmadan “Azərişıq” ASC-nin xidmətlərindən yararlanmaq imkanınları genişləndirilir.
"Bunun üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər. Aşağıda qeyd edilən 6 yeni xidmət “Azərişıq” ASC-nin elektron xidmətlərinə əlavə edilib", - deyə qurum sözçüsü bildirib.
V.Aydınoğlu əlavə edilən yeni xidmətləri də açıqlayıb: "Bu xidmətlər borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu, əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbuludur”.
O qeyd edib ki, ASC tərəfindən bu günə kimi abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və qeyri-əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması kimi elektron xidmətlər göstərilib.
Ramid İbrahimov


png-1658215151.png)













