• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycanda meşələrə giriş qadağan ediləcək? - RƏSMİ

CƏMİYYƏT

18 Avqust 2022 | 09:57

Azərbaycanda meşələrə giriş qadağan ediləcək? - RƏSMİ

Son günlərdə artan meşə yanğınları səbəbi ilə Türkiyə, Fransa və bir sıra ölkələr meşələrə giriş qadağan edib.

Azərbaycanda da bir sıra ərazilərdə meşə yanğınları davam etməkdədir. Avqust ayının 15-dən Şamaxı, “Zaqatala Dövlət Təbiət Qoruğu”, Quba, Xaçmaz, “Şahdağ Milli Parkı”da yanğın baş verib.

Maraqlıdır, Azərbaycanda da meşələrə giriş qadağan edilə bilərmi?

Bununla bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, belə bir hal yoxdur.

Nazirlik sözçüsü qeyd edib ki, son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırıb:

“Havanın isti və quraq keçməsi ilə əlaqədar meşə və təbiət əraziləri yanğına daha həssasdır. Bu səbəbdən mütəmadi olaraq vətəndaşlarımıza, təbiət qoynunda istirahət edən turistlərə, meşə ətrafında yaşayan kənd sakinlərinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə müraciət edirik ki, qızmar yay günlərində hədsiz diqqətli olsunlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb olur”.

İ. İbrahimovanın sözlərinə görə, meşə yanğınlarının dəhşəti hər birimizə sonsuz kədər və ürək ağrısı gətirir:

“Ona görə də, bir daha vətəndaşlarımıza çağırış edirik ki, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməmək üçün daha da duyarlı olaq. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı və bu həyəcanı hər kəs hiss etməlidir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR