Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinlə münasibətlərə xüsusi önəm verir. Bu kontekstdə ölkə başçısı İlham Əliyevin avqustun 30-da Çin Xalq Respublikasına işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və regional sülhün beynəlxalq miqyasda dəstəklənməsi baxımından mühüm amil kimi dəyərləndirilir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan regionda etibarlı tərəfdaş və mühüm tranzit ölkə kimi Çinin diqqət mərkəzindədir.
Bəs görəsən, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi ölkəmiz üçün nələr vəd edir? Qarşıdakı dövrdə Azərbaycan Çinlə yaxınlaşma fonunda beynəlxalq əlaqələrdə münaqişələrin tənzimlənməsində nəticə əsaslı həll proseslərinə start verə bilərmi?
Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi ölkəmiz üçün həm iqtisadi, həm də siyasi baxımdan yeni imkanlar açır.
Onun sözlərinə görə, ölkəmizin Çinlə əməkdaşlığı yalnız ikitərəfli ticarətlə məhdudlaşmır, həm də "Bir Kəmər, Bir Yol" təşəbbüsündə Azərbaycanın tranzit və logistika qovşağı kimi rolunu gücləndirir:
"Bu, ölkəmiz üçün həm nəqliyyat dəhlizlərindən əldə olunan gəlirləri artıracaq, həm də ölkənin regional əhəmiyyətini yüksəldəcək. Çinin sərmayə potensialı Azərbaycanın qeyri-neft sektorunda, xüsusilə yaşıl enerji, yüksək texnologiyalar və kənd təsərrüfatında böyük əhəmiyyət daşıya bilər. Bu istiqamətdə yaxınlaşmaq iqtisadiyyatımıza xeyli töhfə verə bilər”.
Kamran Məmmədli: Azərbaycan-Çin yaxşınlaşması iqtisadiyyatımıza xeyli töhfə verəcək
Müsahibimiz qeyd edib ki, geosiyasi planda isə Azərbaycan Çin amilini əlavə balans mexanizmi kimi işlədir. Dediyinə görə, əvvəllər Qərb və Rusiya arasında manevr edən Azərbaycan, indi üçüncü böyük güc mərkəzi ilə əməkdaşlıq imkanlarını genişləndirir. Bu isə beynəlxalq təzyiqlərə qarşı ölkəmizə manevr sərbəstliyi qazandırır. Lakin bu yaxınlaşmanın fonunda risklər də mövcuddur.
Politoloq hesab edir ki, Çinlə yaxınlaşma Qərbdə rəqabət narahatlığı yarada bilər. Buna görə Azərbaycan üçün vacibdir ki, bu əməkdaşlıq Qərblə münasibətlərin alternativi kimi yox, tamamlayıcı mexanizm kimi təqdim edilsin.
"Ümumilikdə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi ölkəyə iqtisadi dividendlərlə yanaşı, diplomatik müstəvidə də yeni manevr imkanları qazandırır. Bu yaxınlaşma regionda dayanıqlı sülh və Azərbaycanın liderlik mövqeyinin möhkəmlənməsi üçün imkanlar yaradır", - deyə Kamran Məmmədli əlavə edib.
Gülşən Şərif