Aİ ölkələri anti-Rusiya sanksiyalarına münasibətini dəyişir və Rusiyaya qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Bu yanaşma artıq müzakirə olunan 19-cu sanksiyalar paketinin hazırlanmasında istifadə olunur. O, Aİ-nin sanksiyalara yeni yanaşma təklif etdiyini deyib:
“Biz artıq onlara mərhələlərlə yanaşmırıq, enerji, maliyyə xidmətləri və ticarət sahələrində daha sərt tədbirlər təklif edirik" fikrini söyləyib”.
Sanksiyaların sərtləşdirilməsinin Rusiyanın indiki mövqeyinə mümkün təsirləri ilə bağlı politoloq Natiq Miri öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya tətbiq olunan sanksiyalar metodologiyasında lap əvvəldən yanlış siyasət yürüdüb. Sanki Rusiyanı tanımayan bir Avropa İttifaqı rəhbərliyi görüntüsü var idi:
"Aİ-nin sanksiyaları mərhələli tətbiq etməsi və artıq 19-cu mərhələyə çatanda bəzi gerçəkləri anlaması təəssüf doğurur. Bu, həm də Avropa İttifaqının prosesi nə dərəcədə düzgün qiymətləndirmədiyini göstərir. Eyni zamanda Aİ-də qərarların nə qədər çevik qəbul olunmasında ciddi problemlərin olduğunu açıq şəkildə ortaya qoyur. Aİ-nin 19 mərhələdən sonra bu qənaətə gəlməsi acınacaqlı durumunu nümayiş etdirir. Bu, Avropa İttifaqı adına çox böyük qüsurdur. Hər bir halda 19 mərhələdən sonra düzgün qənaətə gəlinməsi bir "qazanc" sayıla bilər".
N.Miri hesab edir ki, Rusiyanı tanıyan dövlətlər onun hansısa mərhələli iqtisadi sanksiyaları qəbul etmədiyini və buna uyğun davranmayacağını bilməli idi. Yəni, mərhələli iqtisadi sanksiyalar Rusiya üçün keçərli deyil. İlk gündən tətbiq olunan məhdudiyyətdə bütün sahələr üzrə sanksiyalar özünü ehtiva etməli idi ki, qısa zamanda Rusiyaya ciddi təsirləri olsun. Bu halda müharibə 4 ilə yaxın müddətdə davam etməzdi.
"Avropa İttifaqının 4 ildən sonra gəldiyi qənaət onu göstərir ki, Aİ ölkələri daha çox danışır. Lakin əməli fəaliyyət ortada yoxdur. Bu gün sadəcə iqtisadi sanksiyalarla bağlı çətinliklər yaşanmır. Eyni zamanda təhlükəsizliklə bağlı məsələlər və Ukraynaya yardımdakı qeyri-çeviklik də problem var” deyən müsahibimiz qeyd edib ki, bu gün Aİ ölkələri hibrid müharibə ilə Rusiya tərəfindən təhdid olunur. Onun sözlərinə görə, hər gün Avropa səmasında qırıcı təyyarələr və dronlar müşahidə olunur ki, bu da Avropanın təhlükəsizliyini təhdid edən məsələdir. Bu mövzuda belə Avropa İttifaqı hələ də çeviklik nümayiş etdirə bilmir. Hətta NATO da bu məsələdə çevik davrana bilmir.
Natiq Miri: Avropa ədalətli davranmalıdır ki, hər hansısa qərarın qəbulunda ölkələr zərər görməsin
Politoloq vurğulayıb ki, Ukraynanın indiki vəziyyətə düşməsinin, itkilərinin çoxalmasının və müharibənin uzanmasının bariz səbəbkarları NATO və Aİ ölkələridir:
"Qərarların qəbulu mexanizmində səs çoxluğu amili önəmli olmalıdır. Ona görə də bərabərhüquqluluq və Avropa ölkələrinin bütün üzvlərinin hüquqları bərpa olunmalıdır. Avropa ölkələri ədalətli davranmalıdır ki, hər hansısa qərarın qəbulunda ölkələr zərər görməsin. Demokratiya və insan hüquqlarının bərabərliyi məsələsində əminlik olmadığı üçün konsensus mexanizmi tətbiq olunub. Bu isə bəzi məsələlərdə problem yaradır. Rusiyayönlü bəzi Avropa ölkələri var ki, Moskvanın sifarişi ilə bəzi qərarların çevik qəbuluna imkan vermirlər".
N.Miri bildirib ki, Avropa ikilistandartdan imtina etməlidir. Çünki beynəlxalq hüquqda selektiv yanaşma mövcud deyil.
Xatırladaq ki, sentyabrın 19-da fon der Leyen Avropa Komissiyasının 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bunlara, digər məsələlərlə yanaşı, 2027-ci ilin yanvarından etibarən Rusiyanın mayeləşdirilmiş təbii qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyutalara və banklara qarşı tədbirlər daxildir.
Gülşən Şərif