• Bakı C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Bayram hazırlığı: “Yolka olmasa, bayram gəlməyəcək?” - Bazarlarda alan da narazıdı, satan da

CƏMİYYƏT

23 Dekabr 2024 | 10:28

Bayram hazırlığı: “Yolka olmasa, bayram gəlməyəcək?” - Bazarlarda alan da narazıdı, satan da

- Yolka neçəyədi, ay oğul?

- Sənə yüzcə manat, ay nənə?

- Rəhmətliyin nəvəsi, yüzcəni elə deyirsən, elə bil 3-5 manatdı. Aldığım pensiyanın yarısını yolkaya verim, bəs sonra? Bu yolka mənə yemək verəcək? Yolka qurmasaq, bayram gəlməyəcək? Sizin də bazarınız 5-10 günlükdü. Alınmayan yolkaları atacaqsınız anbara, gələn il bir az da baha qiymətə qoyacaqsınız.

Nənə hirslə mağazadan çıxdı...

... Yeni il ərəfəsində alış-veriş mərkəzlərində belə dialoqlara çox rast gəlinir.

Bayrama sayılı günlər qalıb. Artıq bir çox evlərdə, iş yerlərində, marketlərdə Yeni il hazırlıqları bitib. Amma bayram bazarlığını hələ etməyənlər də var. Bu isə bazar-dükanlarda bahalıqla əlaqədardır.

Paytaxt sakini Münəvvər Qasımova nəvələrinə yolka almağa gəlib. Amma bayaqdan bir neçə mağazaya baş çəksə də, əliboş çıxıb:

- Bahalıqdı, ay bala. Bu qiymətə də yolka olar? Ona verdiyim pulu yeməyə verərəm. Yolka uşaqların qarnını doyuzdurmayacaq ki...

İki uşağıyla yeni il aksesuarları almağa gələn Hüseyn Cəfərov Münəvvər nənənin dediklərini deyir:

- Bazara yaxın durulası deyil. Bazar od tutub yanır.

Satıcı Eşqin Əlizadə isə yeni il aksesuarların baha aldıqlarından baha da satdıqlarını deyir:

- Bunun yer pulu var, gündəlik heç olmayanda, 5 manat yeməyə-çaya xərcimiz çıxır. Vallah, baha alırıq deyə, bu qiymətə da satırıq. Kim istəməz ki, malı satılmasın?

Bəs bu bahalıq nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, yolka ağaclarının bu qədər baha olmasının əsas səbəbi reklamdır:

"Əvvəllər Yeni ilə 1 həftə-10 gün qalmış yolkalar qurulurdu. Amma getdikcə, noyabr ayının ortasından yolkalar qurulmağa başlayır ki, hər kəs bunu görsün, istəsin. Bu da reklamın bir növüdür ki, sahibkarlar bundan istifadə edirlər".

Ekspert bildirib ki, yolka ağaclarının çoxu xaricdən gətirildiyi üçün gömrük rüsumu da qiymətə təsir edir, lakin bu qədər baha olması yenə də gömrük rüsumu ilə əlaqədar deyil:

"Fkikir vermişəm, əksəriyyət evində yolka olsa da, hər il onu təzələyir. Sanki xəstəlikdir. Bu da yolka ağaclarının yersiz baha olmasına yol açır".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR