Çörək vətəndaşların böyük əksəriyyətinin qida rasionunun bir parçasıdır. Mağzalardan süfrələrə gələn çörəklər isə təəssüf ki, marketlərdə açıq halda satılır və yumşaq, isti, təzə çörək almaq istəyən insanlar onları əlləri ilə yoxlayaraq alır. Yəni demək olar ki, hər bir çörəklə əl təması olur.
Bu isə gigiyenik baxımdan heç də xoşagələn mənzərə yaratmır. Bəzi vətəndaşlar bu halla qarşılaşdıqda iradlarını bildirsələr də, bu iradın hansısa xeyrinin olduğu görünmür.
Bəs, nə etmək lazımdır ki, vətəndaşlar bu davranışdan çəkinsinlər?
Eyyub Hüseynov, Azad İstehlakçılar Birliyinin sədri
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməli və üzərində yararlılıq müddəti olmalıdır.
Azərbaycan istehsalçılarının isti çörəyə üstünlük verdiklərini deyən E.Hüseynov qeyd edib ki, isti çörəkləri bükəndə o tərləyir və xarab olur.
Müsahibimiz nəzərə çatdırıb ki, isti çörəklər insan orqanizmi üçün ümumiyyətlə zərərlidir və təəssüf ki, vətəndaşlar bunu bilmirlər:
“Ona görə də istehsalçılar isti-isti onu paketləyə bilmirlər. Bu isə əlbəttə, yolverilməzdir. Hər bir mal bükülməlidir.
Açıq çörək satışına son qoyulmalıdır. Bu, istehlakçı hüquqlarının və Nazirlər Kabinetinin qərarlarının pozulmasıdır”.
Adil Qeybulla, Tibb elmləri doktoru
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bakıvaxtı.az-a açıqlamasında söyləyib ki, çörək, bulka kimi açıq səthi olan məmulatlar satıcının əli ilə verilməlidir.
Onun sözlərinə görə, satıcılar zərərsiz labarator əlcəklərdən istifadə etməli və ya məhsulu xüsusi əşyalar ilə tutaraq qaba qoyub verməlidirlər.
Müsahibimiz həmin məhsulların ilə əl təmasının məsləhətli olmadığını vurğulayıb. Bildirib ki, əldə hər cür infeksiya var və çörək kimi məhsulları insanların əl ilə yoxlaması yolverilməzdir, buna icazə verilməməlidir:
“Düzdür, bu gün marketlərdə satılan çörəklərin əksəriyyəti xüsusi şəffaf örtüklə örtülür və bu örtüklər isti çörəklərdə qəti məsləhət deyil. Çünki bu, həmin çörəklərin tərləməsinə və onların keyfiyyətinin itməsinə səbəb olur. Amma o çörəklər ki, pərakəndə satışda istidir, onlar mütləq satıcının əli ilə satılmalıdır”.
Mina Mikayılova