• Bakı C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Bələdiyyələrin sayı azaldılır: Nə dəyişəcək?

CƏMİYYƏT

09 Yanvar 2025 | 16:01

Bələdiyyələrin sayı azaldılır: Nə dəyişəcək?

Hazırda Azərbaycanda 1400 bələdiyyə fəaliyyət göstərir. İlk dövrdə isə onların sayı 2700-ü keçirdi.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi hazırlanacaq. Layihə çərçivəsində bələdiyyələrin sayının üçdə birə qədər azaldılması nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.

Maraqlıdır ki, bələdiyyələrin sayının azaldılması bu sektorun fəaliyyətində effektiv nəticə verə bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, hazırda ölkəmizdə bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyədə deyil. Son 10 ilə qədər bələdiyyələr ancaq torpaq satmaqla və sənəd saxtalaşdırmaqla məşğul olub:

"Dəvədən soruşurlar ki, boyun niyə əyridir? Deyir, haram düzdü ki?! Yəni ölkəmizdə bələdiyyələrin fəaliyyətinin mövcud olub-olmaması, cəmiyyətin həyatında var olub-olmaması sual altındadır. Ümumiyyətlə, bələdiyyə üçün seçilən kadrlar öz öhdəliklərini bilirmi?! Son illər bələdiyyə üçün ayrılan büdcə 46 milyon manatdan 53 milyon 928 min 415 manata qaldırılıb. Hər bələdiyyəyə 3-4 nəfər işçi yerləşdirəndə və gəliri saya böldükdə, hər işçiyə 400-500 manat aralığında maaş düşür. Yəni, bələdiyyənin topladığı gəlir işçilərin maaşına güclə çatır. Bələdiyyə Azərbaycan vətəndaşının yadında saxta sənəd düzəldən qurum kimi formalaşıb".

X.Kərimli ümid edir ki, yeni birləşmələr bələdiyyələrin fəaliyyətinə effektiv təsir edə bilər.

"Ən azından bələdiyyənin imkanları genişlənəcək. İşçilər öz problemlərini həll edə biləcəklər. 400 manat maaş alan işçi heç olmasa, 500 manat ala biləcək”.

Müsahibimiz vurğulayıb ki, sadəcə olaraq, bələdiyyələrin cəmiyyətin hansısa problemini həll edəcəyinə dair inamsızlıq var. Bu struktur hansısa beynəlxalq təşkilatın tələbi ilə formalaşıb və buna görə də lazımsız qurum hesab olunur. Bu kontekstdə yerli icra hakimiyyətləri də bələdiyyələrdə qalıb.

Xalid Kərimli, iqtisadçı

“Əslində dövlət də yerli icra hakimiyyətlərinin səlahiyyətlərini bələdiyyələrə vermək niyyətində deyil. Bələdiyyələrdə ciddi status və yanaşma problemləri var. Bələdiyyələrin sayının azaldılması yaxşı hal olsa da, insanlar bu qurumun fəaliyyətini başa düşmürlər", - deyə Xalid Kərimli vurğulayıb.

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda yerli özünü idarəetmə orqanlarına-bələdiyyələrə seçkilər keçiriləcək. Bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 Yanvar 2025