Bilgəh qəsəbəsində dənizdə batan 2000-ci il təvəllüdlü Nizam Rüfət oğlu Kazımovun meyiti tapılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, gənc bu gün yaxınlarının və doğmalarının iştirakı ilə cənazə namazından sonra 5 ay əvvəl vəfat edən anasının yanında torpağa tapşırılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, avqustun 1-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində "Daçnik" adlanan ərazidə, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda yerləşən nəzarətsiz sahildə dənizdə batan Nizam Kazımovun meyiti sahildə aşkarlanıb.
Qeyd edək ki, Nizam Kazımov ailəsinin və yaxınlarının böyük ümid bəslədiyi gənclərdən biri olub. Yaxınları onu savadlı, tərbiyəli və yüksək insani keyfiyyətlərə malik bir insan kimi xatırlayırlar.
Ailə üzvlərinin sözlərinə görə, Nizamın ölümü ailəyə ikinci ağır zərbə olub. Belə ki, o, cəmi 5 ay əvvəl onun anası dünyasını dəyişib.
Allah rəhmət eləsin.
Murad İsmayıl
Bakı 



