Bolqarıstanın Qara dəniz sahilində güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı dördə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, xilasedici əməliyyatda iştirak edən qayıq da fırtına nəticəsində aşıb və içərisində olan xilasedici həyatını itirib.
Təbii fəlakətə görə sahilyanı bir neçə bölgədə fövqəladə vəziyyət elan olunub. İnsanların təxliyəsi kurort zonası olan Elenitedən aparılır. Şahidlərin bildirdiyinə görə, onlarla avtomobil dənizə sürüklənib. Günəşli Sahil (Sunny Beach), Nesebr, Burqas və digər kurortlarda küçələr su altında qalıb, Tsarevoda isə infrastruktur ciddi ziyan görüb.
Bundan əvvəl Bolqarıstan Milli Hidrologiya və Meteorologiya İnstitutu Qara dənizin cənub sahillərində güclü yağış, şiddətli külək və dənizdə dalğalanmaya görə “narıncı” təhlükə səviyyəsi elan etmişdi. Qısa müddətdə bəzi rayonlara 250 millimetr, ayrı-ayrı yerlərə isə 400 millimetrədək yağıntı düşüb.