Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyul aylarında 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.
Boşanmaların bu qədər artmasına səbəb nədir?
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Tural Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gənclər arasında dözümsüzlüyün və ailədaxili anlaşılmazlığın olması boşanmalara səbəb olan əsas səbəblərdəndir: “Belə ki, gənclər artıq bir-birilərinə qarşı dözümlülük nümayiş etdirmək, göz yummaq istəmir. Nəticədə, gənc ailənin təməli qoyulmadan dağılır. Bəzən 20-30 illik ailələrin dözümsüzlük səbəbindən dağıldığının şahidi oluruq”.
Onun sözlərinə görə, boşanmalara səbəb olan digər amil kimi gənc ailələrə kənar müdaxilə və basqıların olması göstərilir. Daim basqı altında qalmaqdan, ailədaxili dedi-qodulardan bezən cütlüklər sonda boşanmaq qərarına gəlir: “Digər səbəb kimi isə yeni gənc nəslin ailə məsələlərinə, dəyərlərinə məsuliyyətsiz yanaşması, psixoloji durumlarının aşağı səviyyədə olması və boşanmağı müstəqil olmağa yol kimi görmələridir”.
Vəkil qeyd edib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir. Bunsuz müasir cəmiyyətimizi təsəvvür etmək, özümüzü təcrid etmək absurddur: “Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələrə görə ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq. Bu iddia təkcə Azərbaycanda deyil, digər inkişaf etmiş ölkələrdə də var. Yeni dostlar, tanışlıqlar, çevrə və keçmiş dostları birləşdirən şəbəkələr evlilikləri təhlükəyə salır. Sosial şəbəkələr ailələrdəki münaqişələrin daha da böyüməsinə səbəb olur. Həmçinin, qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə olan evil şəxsin öz ailə vəziyyətinə uyğun olmayan davranış sərgiləməsi ailədaxili problemlərin dərinləşməsinə və boşanma ilə nəticələnməyə əsas olan hallardandır”.

Tural Həsənli: Daim basqı altında qalmaqdan, dedi-qodulardan bezən cütlüklər sonda boşanmaq qərarına gəlir
Müsahibimiz qeyd edib ki, başqa bir səbəb gənclərin sosial şəbəkələrdə tanış olub, bir-birini yaxından tanımadan tez bir zamanda evlənmək qərarına gəlməsidir: “Araşdırmalara görə, boşanmaların 20-25%i nikahın, adətən, tanışlıqdan 3-4 ay sonra bağlanması ilə əlaqədardır. Digər səbəblər kimi alkoqollu içkilər, narkotik vasitələrin istifadəsi, sonsuzluq problemi gəlir. Bəzən bir çox sosial platformalarda, əsasən, qadınların boşanmanın səbəbi kimi ərin öz valideynlərinə daha çox bağlı olmasını, ailəsindən ayrıla bilməməsini bildirməsinin daha çox şahidi oluruq. Qeyd etdiyim nüans boşanmaya səbəb olan hallardan olsa da, səbəb kimi daha az faiz kimi yer tutur”.
T.Həsənli əlavə edib ki, ailəsinə bağlılıq göstərən xanımın ərindən eyni şeyi gözləməsi də aildaxili problemlərə yol açan hallardandır: “Hesab edirəm ki, artıq “nə elədisə qayınata, qayınana elədi” bəhanəsi köhnə mövzudur. İstənilən halda, tərəflərin birliyi, dözümlüyü, qarşılıqlı hörmət və anlaşma varsa, o ailə dağıla bilməz. İnkişafa gedirik deyib, köhnə mövzuların çevrəsində anlaşma axtarmaq, məncə, bezdirici bir haldır”.
Hüquqşünas bildirib ki, bir çox hallarda ailənin maddi vəziyyəti və sosial durumunun aşağı olması da, boşanmalara səbəbdir. Lakin maraqlı nüans ondan ibarətdir ki, tərəflər nikaha girməzdən öncə bir-birinin maddi vəziyyətinə bələd olurlar və könüllü şəkildə nikaha daxil olurlar: “Sonradan digərinin yaşayış tərzinə uyğunluq sevdası, başqasının daha yaxşı şəraitdə yaşamasını problem kimi qəbul etmək ailədaxili problemlərə və boşanmlara gətirib çıxarır. Nəzərinizə çatdırım ki, bir çox hallarda sosial vəziyyətin boşanmalara səbəb olması bildirilsə də, bu, mifdən başqa bir şey deyil. Ümumən sosial bərabərsizliyin olması qədim dünya tarixindən hər birimizə bəlli olduğu kimi eramızdan əvvələ gedib çatır. Kifayət qədər imkanlı şəxslərdə də boşanmaların baş verməsi heç də sirr deyil. Sadəcə qarşılıqlı münasibətlərin düzgün qurulmaması, dözümsüzlük, hörmətsizlik halları ailədaxili bağların qırılmasına səbəb ola bilir”.
Aytac Aslan











jpg-1697696170.webp)




