Hazırda respublikamızda, əsasən də Bakı ətrafı kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə əhalinin daimi məskunlaşması sürətlə artmaqdadır.
Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı suların əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rast gəlinir.
SİMDNX-dan Bakıvaxtı.az-a verilən məlumata görə, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində əmələ gələn tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunmuş, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır.
Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.
Fürsətdən istifadə edərək nəzərinizə çatdırırıq ki, əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Tullantı suların düzgün idarə olunması yalnız ətraf mühitin mühafizəsi deyil, bütövlükdə cəmiyyətin sağlamlığı, su obyektlərinin qorunması və su bioresurslarına mənfi təsirlərin qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmamış ərazilərdə qanunvericiliyin tələblərinə əməl olunmalı, təhlükəsiz və ekoloji baxımdan zərərsiz üsullar tətbiq edilməklə su və su təsərrüfatı obyektləri çirklənmədən mühafizə olunmalıdır.