• Bakı 23° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Cənubi Qafqazda yeni geosiyasi xətt: Ankara-Bakı-Tbilisi formatı nə vəd edir?

SİYASƏT

08 Iyun 2026 | 16:04

Cənubi Qafqazda yeni geosiyasi xətt: Ankara-Bakı-Tbilisi formatı nə vəd edir?

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilir. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edirlər.

Tərəflərin əsas müzakirə mövzuları regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya layihələri və qarşıdakı dövr üçün birgə fəaliyyət istiqamətləri olacaq. Son illərdə qlobal və regional geosiyasi balansın dəyişməsi fonunda Ankara-Bakı-Tbilisi xətti daha strateji əhəmiyyət qazanmağa başlayıb. Xüsusilə Orta Dəhliz layihəsi, Avropanın enerji təhlükəsizliyi və postmüharibə dövründə Cənubi Qafqazda yeni reallıqlar bu formatın aktuallığını artırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatının  əsas əhəmiyyəti ondan ibarətdir ki, regionda sabit əməkdaşlıq platforması formalaşdırır. Üç ölkə uzun illərdir enerji, logistika və təhlükəsizlik sahələrində koordinasiyalı fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Qars kimi layihələr bu əməkdaşlığın strateji nəticələridir:

“Bu platforma region dövlətlərinin öz təşəbbüsləri ilə ortaq maraqlar ətrafında birləşməsinin nümunəsi hesab olunur. Eyni zamanda, format Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirir. Bu əməkdaşlıq regional sabitlik üçün əlavə təhlükəsizlik mexanizmi rolunu oynayır”.

Müsahibimiz vurğulayıb ki, son dövrlərdə dəyişən geosiyasi şərait bu əməkdaşlığın əhəmiyyətini ciddi şəkildə artırıb. Rusiya-Qərb münasibətlərində gərginliyin artması alternativ tranzit marşrutlarına marağı yüksəldib. Xüsusilə Orta Dəhliz layihəsi fonunda Türkiyə-Azərbaycan-Gürcüstan xətti strateji körpü rolunu oynayır. Avropa üçün enerji təhlükəsizliyi məsələsi də bu marşrutun əhəmiyyətini artıran əsas amillərdəndir.

Politoloq bildirib ki, postmüharibə dövründə regionda yeni kommunikasiya imkanlarının yaranması da formatın aktuallığını gücləndirib:. Onun sözlərinə görə, bu gün artıq söhbət yalnız regional deyil, daha geniş geosiyasi əhəmiyyət daşıyan əməkdaşlıq modelindən gedir.

Azərbaycanın bu əməkdaşlıq platformasında roluna gəlincə, həmsöhbətimiz qeyd edib ki, Azərbaycan bu formatın əsas hərəkətverici aktorlarından biridir. Ölkə həm coğrafi mövqeyi, həm enerji resursları, həm də diplomatik təşəbbüsləri ilə regional əlaqələndirici rol oynayır:

“Bakı uzun illərdir regionda iqtisadi və nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi enerji strategiyası bu əməkdaşlığın iqtisadi əsasını formalaşdırıb. Eyni zamanda, postmüharibə dövründə regional kommunikasiyaların açılması ilə bağlı təşəbbüslər də Bakının rolunu daha da artırıb. Bu baxımdan Azərbaycan təkcə iştirakçı deyil, həm də regional əməkdaşlığın əsas mərkəzlərindən biri hesab olunur”.

“Bu əməkdaşlıq beynəlxalq güclər tərəfindən necə qarşılanır” sualını cavablandıran Züriyə Qarayevanın dediyinə görə, Qərb ölkələri bu əməkdaşlığa əsasən müsbət yanaşırlar. Çünki bu platforma Avropanın enerji təhlükəsizliyi və alternativ tranzit imkanları baxımından strateji əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan-Gürcüstan xətti Avropa ilə Asiya arasında yeni logistika bağlantısı kimi qiymətləndirilir. Rusiya və İran isə prosesə daha ehtiyatlı yanaşırlar:

“Xüsusilə regionda Türkiyənin təsirinin artması həmin ölkələr tərəfindən diqqətlə izlənilir. Bununla belə, format daha çox iqtisadi və siyasi əməkdaşlıq platforması olduğu üçün regional balansın qorunmasına xidmət edən model kimi təqdim olunur”.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR